Azərbaycanın aparıcı banklarından biri olan “Paşa Bank” ASC tanınmış mağazalar şəbəkəsinin sahibi olan “MZ Group Azərbaycan” MMC-yə (VÖEN – 2002148841) və 5 nəfər fiziki şəxsə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib.
Bildirək ki, “Paşa Bank” məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.
Məlumat üçün qeyd edək ki, “MZ Group Azərbaycan” MMC 22.11.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli., ev 27, 2-ci paralel-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bədəlov Sənan Fərman oğludur.
Xəbəri rus dilində oxuyun: "Paşa Bank" подал в суд на известную сеть магазинов
"Mz Group Azərbaycan” MMC-dən verilən məlumatda bildirilir ki, şirkət Azərbaycanda mağazaçılıq sahəsində 1997-ci ildən etibarən fəaliyyət göstərir. "Mz Group Azərbaycan” MMC "UsPolo ASSN”, "Cacharel”, "Hummel”, "Monica Ricci”, "Bytshoes”, "New Balance” kimi dünya geyim markalarının Azərbaycanda satışı ilə məşğuldur. Həmçinin "BYT shoes” markasının və mağazalar şəbəkəsinin də sahibidir.
Məlumat üçün onu da bildirək ki, “Paşa Bank” ilə kredit mübahisəsi olan "Mz Group Azərbaycan” MMC-nin hazırda dövlət büdcəsinə 19 min 295 manat 41 qəpik vergi borcu da var. Hətta vergi borcuna görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Mz Group Azərbaycan” MMC-ni məhkəməyə verib və şirkət rəhbərinin ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.
Mağazalar şəbəkəsi barəsində iddia qaldıran “Paşa Bank” ASC isə Azərbaycanda kredit portfeli 1 milyard manatdan çox olan 4 bankdan biridir. Hazırda “Paşa Bank” ASC-nin səhmlərinin 56,8%-i “Paşa Holdinq”ə, 28,2%-i “Bless” MMC-yə, 10%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə məxsusdur.
A. Cəfərov