Bu ilin yanvar ayında Naxçıvanda dövlət qeydiyyatına alınan "NAXPROPERTY-S" MMC (VÖEN- 0201381651) və "NAXPROPERTY-R" MMC (VÖEN- 0201378581) yenidən təşkil olunurlar.
Yeniavaz.com xəbər verir ki, "NAXPROPERTY-S" MMC-nin tərkibindən ayrılma şəklində aşağıdakı şirkətlər yaranır.
"DUZDAĞ ESTATE" MMC,
"NAXPROPERTY-S1" MMC,
"NAXPROPERTY-S2" MMC,
"NAXPROPERTY-S3" MMC.
"NAXPROPERTY-R" MMC-nin tərkibindən isə ayrılma şəkilində aşağıdakı şirkətlər yaranır.
"NAXPROPERTY-1" MMC,
"NAXPROPERTY-2" MMC,
"NAXPROPERTY-3" MMC,
"NAXPROPERTY-4" MMC.
Açıqlanan məlumatlarda bildirilir ki, adları qeyd olunan şirkətlər "NAXPROPERTY-S" MMC və "NAXPROPERTY-R" MMC-lərin hüquqi varisidirlər.
Məlumat üçün bildirək ki, Yusifov Arif Yusif oğlunun direktor olduğu "NAXPROPERTY-S" MMC 17.01.2023-cü ildə, "NAXPROPERTY-R" MMC isə 11.01.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 2 milyon 325 min 300 manat olan "NAXPROPERTY-R" MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri H.Əliyev, ev 19. m. 32-də, nizamnamə kapitalı 4 milyon 232 min 400 manat olan "NAXPROPERTY-S" MMC-nin hüquqi ünvanı isə Naxçıvan şəhəri Atatürk, ev 9-da yerləşir.
Qeyd edək ki, böyük nizamnamə kapitalı ilə yaranan şirkətlərin təsisçiləri barədə məlumat verilmir.
Lakin məlum olan odur ki, Yusifov Arif Yusif oğlu eyni zamanda 6 fevral 2023-cü ildə Naxçıvanda dövlət qeydiyyatına alınan “MES-T” MMC-nin (VÖEN - 0201391611) də qanuni təmsilçisidir. Bu şirkətin də yarandıqdan qısa müddət sonra tərkibindən 10 şirkət ayrılır. “MES-T” MMC-nin tərkibindən "MEST-2" MMC, "MEST-3" MMC, "MEST-4" MMC, "MEST-5" MMC, "MEST-6" MMC, "MEST-7" MMC, "MEST-8" MMC, "MEST-9" MMC, "MEST-10" MMC, "MEST-11" MMC ayrılıb və MMC-nin bəzi hüquq və öhdəlikləri ayrılma nəticəsində yeni yaranan şirkətlərə ötürülüb.
Onu da qeyd edək ki, son zamanlar Naxçıvanda “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərin də nizamnamə kapitallarında dəyişik və çoxsaylı parçalanmalar həyata keçirilib. Ehtimal olunur ki, bu dəyişiklik təsisçi dəyişiklikləri ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Rza və Seymur Talıbovlara məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub.
A. Cəfərov