Martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Mərasim hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov səfirliyin açılışını iki ölkə münasibətlərinin inkişafına yeni təkan verəcəyini bildirib. Diplomat Azərbaycan-İsrail əməkdaşlığının müxtəlif istiqamətlərindən danışıb, perspektiv imkanları qeyd edib. O deyib ki, Azərbaycanın yəhudi icması cəmiyyətimizin inkişafına öz töhfəsini verir. Nazir səfirliyin açılışından sonra İsraildəki Azərbaycan diasporunun fəaliyyətinin də aktivləşəcəyinə əmin olduğunu söyləyib.
Mərasimi tarixi hadisə adlandıran nazir Eli Kohen 30 illik əməkdaşlıq müddətində səfirliyin açılışının strateji əlaqələrin dərinliyindən xəbər verdiyini vurğulayıb. Azərbaycanı İsrailin strateji tərəfdaşı adlandıran nazir iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. O, münasibətlərimizin bundan sonra daha da dərinləşəcəyinə əminliyini ifadə edib.
Sonra nazirlər səfirliyin adı olan lövhəni təqdim ediblər.
Mərasim Azərbaycan incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.
***18:35
İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin açılış mərasimi baş tutub.
Yeniavaz.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və israilli həmkarı Eli Kohen iştirak edib.
Tədbirdə Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov iştirak ediblər.
Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Daha sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.
Azərbaycanın İsraildəki səfiri vəzifəsinə Muxtar Məmmədov təyin edilib.
***09:37Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.
Yeniavaz.com xəbər verir ki, səfər çərçivəsində nazir Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.
Yerli mətbuatda yayılan xəbərlərə görə, açılış bu gün baş tutacaq.
Açılış mərasimində Ceyhun Bayramov ilə yanaşı Milli Məclisin bir qrup deputatı və digər şəxslər də iştirak edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə də tvitter hesabında nazirin İsarilə səfəri ilə bağlı paylaşım edib. “Azərbaycan-İsrail münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bu tarixi səfərdən sonra daha da genişlənəcək. Azərbaycan-İsrail tərəfdaşlığı daha güclü olsun”, - paylaşımda bildirib.
Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Daha sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib. Azərbaycanın İsraildəki səfiri vəzifəsinə Muxtar Məmmədov təyin edilib.