"Kontakt Home" şəhid Səbuhinin qardaşını səbəbsiz işdən çıxarıb? - Açıqlama


Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov "Kontakt Home" mağazalar şəbəkəsinin onu səbəbsiz yerə işdən çıxardığını iddia edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında paylaşım edib.
""Kontakt Home" şəhid qardaşını imiclərinə ziyan gələcəyini deyərək fəhlə işləməyinə icazə verməyib, işdən qovub. Allah görür, bu boyda millətə satdığınız mallara bir söz deyilmədi, bu boyda fırıldaqçılığınıza səssiz qaldılar. Mən inanmıram ki, cənab Prezident buna biganə yanaşar. Mənim qardaşım şəhid olmadı ki onun qardaşını səbəbsiz yerə işdən qovasız", - paylaşımda bildirilir.
Dünən - martın 17-də "Kontakt Home" bu barədə açıqlama yayıb:
"Keçmiş əməkdaşımız Sənan Əhmədov ötən ilin sentyabr ayından bəri bir gün də olsa işə çıxmayıb. Amma qardaşı Səbuhi Əhmədovun şəhid olduğunu nəzərə alaraq, "Kontakt" ailəsi ona maddi-mənəvi, hər şəkildə dəstək olmağa çalışıb. Qardaşının ölümündən dərhal sonra şirkət ona birdəfəlik müavinət verib, işləmədiyi bütün dövr ərzində isə əməkhaqqısını 100% ödəməyə davam edib. Lakin o, şirkətin bütün humanist addımlarına rəğmən, müxtəlif bəhanələrlə işindən yayınıb.
Belə olduğu təqdirdə, şirkətin onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi əsasında işdən azad etmək hüququ var idi. Amma şirkət yenə də şəhidimizə hörmət əlaməti olaraq onu bu şəkildə işdən azad etməyib və müqavilə müddətinin bitməsinə qədər gözləyib.
Aylarla işləmədiyi təqdirdə şirkətdən əməkhaqqı almağı özünə ayıb bilməyən Sənan Əhmədov bu gün şirkətə böhtan atmağı da özünə ayıb bilmir. Bu, bizi olduqca təəssüfləndirir.
Sonda Səbuhi Əhmədov başda olmaqla, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik. Buradan şəhid qardaşı, qohumu kimi statuslardan sui-istifadə edənləri şəhidlərimizin ruhuna ehtiramla yanaşmağa çağırırıq".

DİGƏR XƏBƏRLƏR

Top