Son 5 ildə - 2018-2022-ci illərdə dünya üzrə silah ixracı əvvəlki 5 illə - 2013-2017-ci illərlə müqayisədə 5,1% azalıb.
Yeniavaz.com Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun açıqladığı məlumatlara istinadən bildirir ki, dünya üzrə qeydə alınan ümumi silah ixracının 76,4%-i 5 dövlətin – ABŞ (40%), Rusiya (16%), Fransa (11%), Çin (5,2%) və Almaniyanın (4,2%) payına düşüb.
Bu dövrdə ABŞ-ın dünya silah ixracındakı payı 14% artıb. ABŞ-dan ixrac edilən silahların 19%-i Səudiyyə Ərtəbistanına satılıb.
Rusiyanın silah ixracı isə hesabat dövründə 31% azlıb. Rusiya silahının əsas alıcısı yenə də Hindistan olub. Rusiyanın ümumi ixracının 31%-i Hindistanın payına düşüb.
Əvvəlki 5 illə müqayisədə 2018-22-ci illər ərzində Fransanın silah ixracı 44% artıb. Çinin silah ixracı 23%, Almaniyanın isə 35% azalıb.
Əvvəlki 5 illə müqayisədə son 5 ildə dünyada silah satışını ən çox artıran ölkələrin arasında Belçika və Polşa yer alıb. Belçika silah satışını 3,2 dəfə, Polşa isə 2,7 dəfə artırıb.
Bu dövrdə Türkiyə silah ixracını 69% artıra bilib və dünya üzrə ümumi silah ixracının 1,1%-i qardaş ölkənin payına düşüb. Türkiyə ən çox silah ixrac edən ölkələrin sıralamasında 12-ci sırada yer alıb. Türkiyə silah ixracının 20%-ni Qətərə, 17%-ni Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ), 13%-ni isə Omana edib.
Türkiyənin özü isə ən çox İtaliyadan (35%), İspaniyadan (20%) və Rusiyadan (19%) silah idxal edib.
Dünya üzrə qeydə alınan silah ixracında ən çox paya sahib olan 10 ölkə bunlardır:
Ölkələr | İxracda payı 2018-2022-ci illər |
İxracda payı 2013-2017-cu illər |
Fərq |
ABŞ | 40 % | 33 % | 14 % artıb |
Rusiya | 16 % | 22 % | 31 % azalıb |
Fransa | 11 % | 7,1 % | 44 % artıb |
Çin | 5,2 % | 6,3 % | 23 % azalıb |
Almaniya | 4,2 % | 6,1 % | 35 % azalıb |
İtaliya | 3,8 % | 2,5 % | 45 % artıb |
B. Britaniya | 3,2 % | 4,7 % | 35 % azalıb |
İspaniya | 2,6 % | 2,5 % | 4,4 % azalıb |
Cənubi Koreya | 2,4 % | 1,3 % | 74 % artıb |
İsrail | 2,3 % | 2,6 % | 15 % azalıb |
Son 5 ildə ən çox silah alan ölkə Hindistan olub. Dünyada satılan bütün silahların 11%-ni Hindistan alıb. Əvvəlki 5 illə müqayisədə silah idxalını ən çox artırtan isə Ukrayna olub. Ukrayna silah idxalının 87 dəfə artırıb. Dünyada ümumi silah idxalının 2%-i Ukraynanın payına düşüb. Ukraynaya ən çox ABŞ (34%), Polşa (17%) və Almaniya (11%) silah satıb.
Dünya üzrə qeydə alınan silah idxalında ən çox paya sahib olan 10 ölkə isə bunlardır:
Ölkələr | İdxalda payı 2018-2022-ci illər |
İdxalda payı 2013-2017-cu illər |
Fərq |
Hindistan | 11 % | 12 % | 11 % azalıb |
S. Ərəbistanı | 9,6 % | 10 % | 8,7 % azalıb |
Qətər | 6,4 % | 1,5 % | 4,1 dəfə artıb |
Avstraliya | 4,7 % | 3,6 % | 23 % artıb |
Çin | 4,6 % | 4,2 % | 4,1 % artıb |
Misir | 4,5 % | 4,5 % | 5,3 % azalıb |
C. Koreya | 3,7 % | 2,2 % | 61 % artıb |
Pakistan | 3,7 % | 3 % | 14 % artıb |
Yaponiya | 3,5 % | 1,2 % | 2,7 dəfə artıb |
ABŞ | 2,7 % | 2 % | 31 % artıb |
A. Cəfərov