Peyğəmbərlər qeybi bilə bilərmi?


Peyğəmbərlər “qeybi bilən” insanlar deyil, “qeybdən xəbər alan” insanlardır. Peyğəmbərlər də bizim kimi insandırlar. Onlar qeybi öz-özlüyündə bilməzlər. Peyğəmbərin qeyb haqqındakı bilgisi, Allahın onlara vəhy yolu ilə bildirdikləridir. Peyğəmbəri digər insanlardan fərqləndirən ən bariz xüsusiyyət, bu vəhy məhsulu olan bilginin Allah tərəfindən onlara nazil edilməsidir. Bu haqda belə buyurulub: “…Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər)” (Əli İmran, 3/179). “(Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: “Məryəmi kim öz himayəsinə alacaq?” – deyə, qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin” (Əli İmran, 3/44), “(Ey Peyğəmbər!) Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən bilirdin, nə də qövmün…” (Hud, 11/49).

Görməmək və bilməmək yoxluğa dəlalət eləmir!
Əslində, Peyğəmbərlərin qeyb haqqında verdikləri bütün xəbərlər Allaha məxsusdur. Ona görə də bir şeyin qeyb aləminə məxsus olması və ya insanın onu görməməsi o şeyin ümumiyyətlə heç olmadığına dəlalət eləmir. Bir şey haqqında məlumatlı olmamaq, o şeyin olmadığı mənasına gəlmir. Bir sözlə, həqiqətlər haqqında məlumatsız olmağımız onların öz-özlüyündə mövcud olduqlarına xələl gətirə bilməz.

“Yusifi quyuya atdıqları zaman sən onların yanında deyildin…”
Quranda Yusuf surəsinin sonunda Cənab Allah (c.c) Həzrət Peyğəmbərə (s.ə.s) xitabən belə buyurub: “(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin!” (Yusuf, 12/102).

Peyğəmbərin 15 gün vəhyin gəlişini gözləməsi…
İnkarçılar Əshabı-Kəhf haqqında sual soruşmuş, Həzrət Peyğəmbərimiz də (s.ə.s): “Sabah bunu sizə xəbər verəcəyəm” deyərək söz vermiş, ancaq vəhy on beş gün gec gəldiyi üçün Allah Rəsulu (s.ə.s) sözünü yerinə yetirə bilməmiş və buna görə də inkarçıların məzəmməti ilə qarşılaşıb. Bu səbəblə Cənab Allah (c.c) Kəhf surəsində bu ayəni nazil edib: “Heç bir şey üçün əsla: “Mən bunu sabah edəcəyəm”, - demə! Ancaq: “Allah diləyərsə (“İnşallah” - de)!” (Kəhf, 18/23-24).

“Sanki sən qiyamətin nə zaman qopacağını bilirsən?”
Həzrət Peyğəmbərdən (s.ə.s) qiyamətin vaxtını bildirməsini istəyənlərə Quran belə cavab verir: “Sanki sən onun haqqında bir şey bilirsənmiş kimi səndən qiyamətin nə zaman qopacağını soruşurlar. De: “Onun bilgisi yalnız Allaha məxsusdur. Lakin insanların çoxu bilmir” (Əraf, 7/187). “…Qeybi bilən Allahdır və O, qeybini heç kimə göstərməz. Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər)” (Cin, 72/25-27).
Məkkə müşrikləri Allah Rəsuluna: “Rəbbin sənə nəyin ucuz, nəyin baha olduğunu demirmi? Bizə də xəbər ver ki, biz də qazanıb zəngin olaq” dediklərində Quran ayələrində Allah Rəsuluna (s.ə.s) belə cavab vermək tövsiyə edilib: “De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!” (Əraf, 7/188).

Təfsir alimlərinin məsələyə baxışı…
Təfsir alimi Zəməxşəri bu ayəni belə şərh edir: “Əgər qeybi bilsəydim, müharibələrdə gah qalib olub, gah məğlub, ticarətdə gah qazanclı, gah da zərərli, idarəçilikdə gah doğru, gah da xətalı olmazdım”.
Digər təfsir alimi Şövkani isə bu ayəni belə şərh edib: “Əgər qeybdən xəbərim olsaydı, yaxşı işlər görər, bütün gözəl əməlləri özümə cəlb edərdim. Pis işlərdən də qorunar və onlar mənə zərər verməzdi. Ancaq mən Rəbbimin (c.c) yanında haqqımda hansı hökmün olduğunu bilməyən bir bəndəyəm”.
Təfsir alimlərindən Fəxrəddin Razi isə bu ayənin (Əraf, 7/188) Həzrət Peyğəmbərimizin (s.ə.s) qeybi bilmədiyinə dair güclü bir dəlil olduğunu söyləyib.

Təbuk səfərinə qatılmayan münafiqlər haqqında enən ayə..
Quranda Təbuk döyüşündə iştirak etməyən münafiqlər haqqında belə buyurulub: “Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?” (Tövbə, 9/43).
Münafiqlərin öz aralarında; “Biz Məhəmmədə qarşı nə istəyirik deyirik, sonra onun yanına gedib sədaqət andı içirik, o da bizə inanır” demələrinə cavab olaraq bu ayə nazil olub: “Onların (münafiqlərin) arasında: “O, hər deyilənə qulaq asandır!” - deyərək Peyğəmbəri incidənlər də var. De ki: “O, sizin üçün xeyirli olana qulaq asandır. O, Allaha iman gətirir, möminlərə inanır və O, sizdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Peyğəmbərinə əziyyət verən kimsələr üçün acı bir əzab vardır” (Tövbə, 9/61).
Quran ayələrində Peyğəmbəri (s.ə.s) sehirbaz və ya kahinlə qarışıq salan, Onu ilah, cin və mələk şəklində düşünənlərə qarşı Allah Rəsulunun (s.ə.s) mələk olduğunu demədiyini, qeybi bildiyini iddia etmədiyini və Allahın (c.c) xəzinələrinin onun yanında olduğunu iddia etmədiyini söyləməsi əmr edilib: “De: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, - demirəm. Mən qeybi də bilmirəm. Həmçinin sizə: “Mən bir mələyəm”, - demirəm. Mən, sadəcə, mənə gələn vəhyə tabe oluram”. De: “Kor ilə gözü görən eyni olarmı? Heç düşünmürsünüzmü?” (Ənam, 6/50).

Yəhudilərin qeyblə bağlı Peyğəmbəri (s.ə.s) imtahana çəkməsi
Yəhudilər peyğəmbərlərin mütləq mənada qeybi bilən insanlar olduğuna inanırdılar. Buna görə də onlar qeyb haqqında suallar verərək Peyğəmbəri (s.ə.s) imtahana çəkmək istəyirdilər:
1. Həzrət Peyğəmbərimiz (s.ə.s) Mədinəyə hicrət etdiyi zaman yəhudi alimi Abdullah ibn Səlam Allah Rəsulunun (s.ə.s) hüzuruna gələrək qeyb haqqında üç sual verib. Sonraları müsəlman olan və səhabələr arasında öz yerini alan Abdullah ibn Səlam ancaq peyğəmbərin bilə biləcəyi bu sualların qiyamət günü, cənnət əhlinin yeməkləri və uşağın ataya bənzəməsi ilə bağlı olduğunu söyləyib.
2. Əhli-kitabdan bir qrup Allah Rəsulunun (s.ə.s) yanına gələrək peyğəmbərliyinin doğruluğunu yoxlamaq üçün Zülqərneyn haqqında sual soruşublar.
3. Həzrət Peyğəmbərimizə (s.ə.s) sehr edən Ləbid ibn Asam bacısına belə deyib: “Əgər Məhəmməd peyğəmbərdirsə, ona edilən sehri bilər, əks halda sehr onun ağılını alır”.
4. Xeybərin fəthindən sonra Allah Rəsulunu (s.ə.s) ona zəhərli qoyun ətindən yedirtmək üçün süfrə başına dəvət etmək istəyən yəhudi qadının bu əməlinin üstü açılmışdı. Nə üçün belə etdiyi soruşulanda o belə deyib: “Mən elə bildim ki, əgər sən peyğəmbərsənsə, Allah sənə xəbər verəcək. Əgər peyğəmbər deyilsənsə bu insanlar səndən qurtulacaq”. Müşrik ərəblər isə falçı və münəccimlərin cinlərlə əlaqə quraraq qeybdən xəbər verə bildiklərinə inanırdılar.
5. Müsəlmanlar isə peyğəmbəri mütləq mənada qeybin bilicisi olaraq deyil, sadəcə ona vəhy gələn bir insan olaraq görürdülər. Bu mənada bəşəri hökmlər, bir insanın başına gələ biləcək hər hansı bir hadisə peyğəmbərin də başına gəlib. Həmçinin Həzrət Peyğəmbərimizin (s.ə.s) həyatına nəzər salsaq, Onun (s.ə.s) qeybi bilmədiyini anlamaq olar.


Həzrət Peyğəmbərimizin (s.ə.s) mütləq mənada qeybi bilmədiyinə dair hadisələr…
a. Bədr və Uhud döyüşlərindən əvvəl Allah Rəsulu (s.ə.s) müşriklərdən xəbər toplamaq üçün təyin etdiyi komandirlərin rəhbərliyində səriyyələr göndərib.
b. Bədr savaşındakı zəfərdən sonra əmisi Abbasdan məkkəlilər haqqında ona məlumat verməsini istəyib. Qüreyş Uhud döyüşü üçün hazırlaşmağa başlayanda Həzrət Abbas da Peyğəmbərimizə məktub yazaraq məlumat verib.
c. İslam tarixinə çox ağır hadisə olaraq keçən Raci (İki qəbilənin Allah Rəsulundan (s.ə.s) onlara İslamı öyrətmək üçün istədikləri səhabə heyətinə yolda sui-qəsd etmələri) və Biri-Məunə (Allah Rəsulunun (s.ə.s) İslamı öyrətmək üçün göndərdiyi yetmiş səhabənin şəhid edilməsi) hadisələri də Peyğəmbərin (s.ə.s) gələcəkdən xəbərsiz olduğunu göstərir. Çünki hər iki hadisədə də fərqli qəbilə nümayəndələri gələrək “İslamı öyrənmək istəyirik” bəhanəsi ilə Rəsulullahdan (s.ə.s) müəllim istəmiş, sonra da yolda müəllim olaraq göndərilən bu səhabələrə sui-qəsd etmişdilər. Həzrət Peyğəmbərimiz (s.ə.s) onların bu pis niyyətindən xəbər tuta bilməmişdi.
d. Hicrətin altıncı ilində Allah Rəsulu (s.ə.s) ümrə ziyarəti üçün səhabələrlə Məkkəyə doğru hərəkət edəndə Məkkə müşrikləri də müsəlmanları şəhərə buraxmamaq üçün and içmişdilər. Məsələni həll etmək üçün Peyğəmbərimiz (s.ə.s) Həzrət Osmanı (r.a) elçi olaraq göndərib. Uzun bir müddət keçməsinə baxmayaraq Həzrət Osmanın (r.a) geri gəlmədiyini görən müsəlmanlar onun Məkkədə öldürüldüyünü düşünərək vadidə bir ağacın altında ölüncəyə qədər vuruşmaq üçün Allah Rəsuluna (s.ə.s) beyət etdilər. Ancaq vəziyyət onların düşündüyü kimi deyildi. Həzrət Osman (r.a) Məkkədə yaxşı qarşılanmış və geri gəlmişdi.
Bu və digər misallar Həzrət Peyğəmbərimizin (s.ə.s) dövrün şərtləri daxilində bütün tədbirləri aldığını, səbəblərə riayət elədiyini göstərir. Əks halda Allah Rəsulunun (s.ə.s) həyatı və dini təbliğ missiyası tamamilə qeybdən gəlmiş bilgilər əsasında və fövqəl bəşər bir sürətdə yaşanmış olsaydı, ümməti üçün, ümumiyyətlə ardında gələn insanlar adına bu həyatı nümunə almaq mümkün olmazdı.
Peyğəmbərlər digər insanlardan ancaq Allahın elçisi olmaları ilə fərqlənirlər. Onlar da yeyir, yaşayır və dünyalarını dəyişirlər. Bu haqda Quran belə buyurulub: “Onlar dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarlarda gəzib dolaşır? Ona özü ilə birlikdə xəbərdar edən bir mələk göndərilməli deyildimi?” (Furqan, 25/7). “De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız tək olan ilahdır. Ona görə də kim Rəbbinə qovuşacağını ümid edirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kimi Ona şərik qoşmasın!” (Kəhf 18/110).

Qeyd: Yazının hazırlanmasında Ersan Öztenin “Peygamberlerin gaybı bilme imkanı” başlıqlı elmi işindən (doktora tezi) istifadə edilib.

Mövzu ilə əlaqəli digər yazıları buradan oxuya bilərsiniz:
1. Mələklər qeybi bilə bilər?
2. Cinlər qeybdən xəbər ala bilir?

Nazim Mustafayev
 

DİGƏR XƏBƏRLƏR

Top