Mələklər qeybi bilə bilər?


Quran ayələrində mələklərin aşağıdakı xüsusiyyətlərə sahib olduqları xəbər verilib:
a) Mələklər qadın və ya kişi olaraq hər hansı cinsiyyətə sahib deyillər. “Rəhmanın qulları olan mələkləri də dişi saydılar. Onların yaradılışınamı şahid oldular?!...” (Zuxruf, 43/19), “Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?!” (Saffat, 37/150). Bu mövzuda heç bir dəlil olmadığı kimi, ağıl onların kişi və ya qadın olduğunu bilə bilməz.
b) Mələklər yuxulamaq, yorğunluq və usanmaq kimi xüsusiyyətlərə sahib deyillər:  “…Rəbbinin dərgahında olanlar (mələklər) gecə-gündüz usanmadan Onu təqdis edib şəninə təriflər deyərlər” (Fussilət, 41/38).
c) Mələklər Allaha (c.c) üsyan etməyən, Onun əmrlərindən dönməyən, özlərinə vacib olan vəzifələri yerinə yetirən, heç vaxt günah işlətməyən varlıqlardır: “Onlar üstlərində olan Rəblərindən qorxar və özlərinə əmr olunanları yerinə yetirərlər” (Nəhl, 16/50).
d) Mələklər yeməzlər, içməzlər; şəhvani hiss və istəkləri yoxdur: “(İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: “Qorxma (biz Allahın mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!” (Hud, 11/70).
e) Mələklər müxtəlif forma və görünüşə bürünə bilərlər: “Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. (Cəbrail) Ona (Məryəmə) tam bir insan surətində göründü” (Məryəm, 19/17).
f) Mələklər insanlardan əvvəl yaradılıb: “(Ey peyğəmbər!) Vaxtilə sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, - demişdi” (Bəqərə, 2/30).
g) Mələklər son dərəcə sürətli və güclü varlıqlardır: “Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!” (Fatir, 35/1).
Yuxarıdakı ayələrdən görürük ki, mələklər insanlardan fərqli yaradılışa sahibdirlər. Onlar insanlarla müqayisədə böyük işlər görməyə qadirdirlər və çox uzun məsafələri qısa müddətdə qət edə bilirlər. Onları bu xüsusiyyətlərini təbii ki insanlarla müqayisə etmək olmaz. Ancaq onlar da gələcək hadisələri bilmək kimi mütləq qeyblə bağlı məsələlərdə Allahın (c.c) onlara bildirdiyindən başqa biliyə malik deyillər.
Quranda mələklərin elmindən bəhs edən ayələr var. Bəqərə surəsində Həzrət Adəmin (c.c), dolayısı ilə bəşər övladının yaradılacağını öyrənən mələklərin: “Orada fitnə-fəsad törədib qan tökəcək birinimi yaradacaqsan?” (Bəqərə, 2/30) dedikləri xəbər verilir.
Mələklər Adəmin gələcəkdə qan tökəcəyini və fitnə-fəsad törədəcəyini haradan bilirdilər? Mələklərin bu sözləri qeybə dair bilgilərdir? “Biz Sənin bizə öyrətdiklərindən başqa heç bir şey bilmirik” (Bəqərə, 2/32) ayəsinə nəzər salsaq, bu suala cavab tapmaq olar. Mələklərin digər mövzulardakı bilikləri kimi Həzrət Adəm (ə.s) övladlarının fitnə-fəsad törədib qan tökəcəklərini də Allahın (c.c) onlara bildirməsi ilə bilirdilər. Bir sözlə, mələklər yalnız Allahın (c.c) onlara öyrətdiklərinə əsaslanaraq bu mövzuda belə danışırdılar. Halbuki mələklərin hələ bilmədiyi çox şeylər var idi ki, Cənab Allah (c.c) bunları bilir, amma mələklər bilmirdilər.
Burada diqqət çəkən mühüm məqam mələklərin Adəmə öyrədilmiş “əsma”dan, yəni  kainatda mövcud olan əşyanın adlarından xəbərsiz olmalarıdır. Əslində mələklər də acizliklərini etiraf edirlər. Bu etiraflarından sonra Cənab Allah (c.c) mələklərə belə buyurmuşdur: “Sizə demədimmi ki, Mən göylərin və yerin qeybini, eləcə də sizin gizlətdiklərinizi və aşkar etdiklərinizi bilirəm?!” (Bəqərə,2/33).
Quran bizə xatırladır ki, Cənab Allah (c.c) hətta mələklərlə də qeybin mütləq elmini bölüşmür. Əslində, Həzrət Adəmin (ə.s) yaradılışının izah edildiyi ayələrdə mələklər; “Biz Sənin bizə öyrətdiklərindən başqa heç bir şey bilmirik. Şübhəsiz ki, Sən hər şeyi bilənsən, hikmət sahibisən!” (Bəqərə, 2/32) deyərək öz acizliklərini etiraf edirlər.
Qeyd: Yazının hazırlanmasında Ersan Öztenin “Peygamberlerin gaybı bilme imkanı” başlıqlı elmi işindən (doktora tezi) istifadə edilib.

Mövzu ilə əlaqəli digər yazıları buradan oxuya bilərsiniz:
1. Peyğəmbərlər qeybi bilə bilərmi?
2. Cinlər qeybdən xəbər ala bilir?

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top