2022-ci ilin noyabrında vəfat edən Belarus xarici işlər naziri Vladimir Makeyin ölümünün səbəbi qətl deyil.
Yeniavaz.com Belarusun “Naşa Niva” nəşrinə istinadən xəbər verir ki, XİN başçısı çox güman sadəcə olaraq intihar edib.
Bildirilir ki, Makey intihar etmək qərarına bir sıra amillər səbəb ola bilərdi. Belarusun əsas diplomatı kimi müəyyən etdiyi siyasi kursun iflası fonunda karyerasındakı problemlər və Lukaşenkonun onu vəzifədən uzaqlaşdırmaq niyyəti.
Makeyin dostları deyirlər ki, o, rəhbərlik etdiyi kursun dağılmasından çox narahat olub və tez-tez özünü lazımsız, bəzən isə sadəcə olaraq yersiz hiss edib.
Bildirilir ki, Makey Lukaşenkonun onun üçün “əvəz” axtardığını bilirdi və bu anı ağrılı şəkildə qəbul etdi.
O, tezliklə yüksək siyasi mövqeyini itirəcəyini başa düşdü və gələcəkdə özü üçün başqa perspektiv görmürdü.
Nəşr onu da yazır ki, Makeyin ailəsində də fikir ayrılıqları olub. Öldüyü gün o, evə arvadı olmadan tək qayıtdı. İstintaq bildirir ki, o, kiçik oğlu ilə başqa mənzildə qalmağı seçib.
Xatırladaq ki, Belarusun xarici işlər naziri Vladimir Makey 2022-ci il noyabrın 26-da 64 yaşında vəfat edib. O, Drozdıdakı evdə tapılıb. Əvvəlcə Makeyin ölümünün rəsmi səbəbi dəqiqləşdirilməyib. Daha sonra mətbuat onun infarktdan ölə biləcəyini yazıb.