"Xronikləşmiş problemlər bir çox hallarda şirkətlərin ən böyük düşməninə çevrilir"


Budəfəki müsahibimiz şirkət və biznes qurumları üçün verdiyi seminarlarla tanınan, "Nokia. Qərbdən doğan bir günəşin şərqdə süqutu" və "Biznes proseslərini Walmart idarə edərsə" kitablarının müəllifi Seymur İlyasovdur. Seymur bəy biznesin qurulması və davamlı inkişafı proseslərindən, biznes böyüdükcə müayinə və analizlərin aparılmasından, şirkət mədəniyyətinin labudlüyündən danışdı. Müsahibimiz şirkətlərin idarə edilməsində sahib olduqları mənfi və müsbət xüsusiyyətlərdən bəhs etdi. Şirkətlər və biznes qurumlarını uğura aparan yollardan söhbət açdı...

- Seymur bəy, yeni qurulan bizneslərin 90%-dən çoxu ilk 5 ildə uğursuzluqla nəticələnir. Sizcə, belə bir tendensiyaya səbəb nədir?
- Yeni qurulan bizneslər əvvəl mövcud olan, bu yolu keçən digər biznes qurumlarını əsas götürərək, onları təqlid edərək daha innovativ və fərqli bir biznes formalaşdırırlar. Belə bir təqlidi şirkətin ilkin formalaşma mərhələsində normal hesab etmək olar. Ancaq biznesin hər mərhələsində başqalarından nələrisə təqlid yolu ilə götürmək, onlar kimi addım atmaq doğru deyil. Biznes ilkin formalaşma və yaranma mərhələsindən böyümə mərhələsinə keçdikdə artıq şirkətə xas problemlər ortaya çıxır. Bunun həlli də təqlid yolu ilə başqalarından almaqla deyil, özünəməxsus çarələr tapmaqla mümkündür. Vaxt keçdikcə daha əvvəl nəzərdə tutulmayan faktorların təsiri nəticəsində hədəfdən yayınma başlayır və nəzərdə tutulandan daha fərqli bir yerə gedib çıxır. Həmçinin, rəqabət mühiti və gələcək istiqamətli digər təsir faktorları ətraflı olaraq hesablanmadıqda biznesin uğursuzluqla nəticələnməsi qaçılmaz olur.

- Şirkətlər böyümə və inkşaf mərhələsində fəaliyyətlərini uğurlu şəkildə davam etdirmək üçün nələri etməli və nələrdən uzaq olmalıdırlar?
- Bizneslər də insan kimi ömür sürürlər. Onlar da ilkin olaraq dünyaya gözlərini açır, qidalanır, böyüyür, inkişaf edir, sonra da zəifləyir və süquta doğru addımlayırlar. Bir biznesi qurarkən ilkin şərt ona təsir edə biləcək faktorları müəyyən etmək və biznesi onlardan qorumaqdır. Növbəti şərt isə artıq biznesin böyüməsini təmin etməkdir. Bir toxumu torpağa əkəndən sonra onu taleyin hökmünə buraxmaq olmaz. Toxumun cücərməsi üçün lazım olan suyu, gübrəni, digər mineralları da təmin etmək lazımdır. Bir sözlə, torpağa əkilən toxumdan dərhal meyvə gözləmək olmaz. Toxumun cücərib, böyüyüb, meyvə verməsi uzun bir proses olduğu kimi, biznes qurulan kimi ondan nəticə gözləmək də doğru deyil. Nəticə əldə etmək səbir və iradə tələb edir. Misal üçün məşhur "Nike" şirkətinin sahibi qeyd edir ki, şirkətin ilk 5 illik fəaliyyətində o özü üçün maaş təyin edə bilməyib. O bu müddət ərzində ancaq şirkətə investisiya qoyub.

- Biznesin "xəstələnmə" prosesi necə baş verir? Buna səbəb olan daxili və xarici faktorlar nələrdir? Bu faktorların uğur və uğursuzluq üzərindəki təsirləri nə qədərdir və necə müəyyən olunur?
- Bizneslər həm daxildən, həm də xaricdən təsirlənirlər. Daxildən təsirlənmənin səbəbləri odur ki, şirkət böyüdükcə, xüsusilə də, ilk struktur modeldən iyerarxik struktur modelə keçdikdə idarəetmə strukturunda dəyişiklik məcburiyyəti yaranır. Bu da şirkətdaxili münasibətlərin qurulmasına, korporativ mədəniyyətə ciddi təsir edir. Əlavə olaraq, şirkət dəyərləri düzgün təyin edilməzsə, həmçinin, bu dəyərlər işçilərə düzgün aşılanmazsa, daxildən zəifləməyə başlayır. Eynilə insanın immunitetinin zəifləməsi kimi şirkətin də daxili gücü zəifləyir və rəqiblərin kənardan gələ biləcək təsirləri və digər faktorlarla mübarizə edə biləcək gücü qalmır. Halbuki şirkətlər daxili və xarici faktorları düzgün analiz etdikdə bu vəziyyəti daha dəqiq müşahidə edə bilirlər.

- Bizneslərin müayinə olunmasına, analiz edilməsinə nə üçün ehtiyac var? Şirkətlər vaxtaşırı analiz edilmədən də fəaliyyətlərini keyfiyyətli və uğurlu şəkildə davam etdirə bilərlər?
- "Şirkət sahibinin güzgüsüdür", deyirlər. Bir çoxumuz ciddi bir narahatlığımız olmasa, qətiyyən həkimə müraciət etmək, müayinə olunmaq istəmirik. Xüsusilə də, türkəçarə üsullarla öhdəsindən gələ biliriksə, elə təcrübə ilə bir çoxunu özümüz həll etməyə çalışırıq. Heç bir xəstəlik bir anda peyda olmur. Əvvəlcə onun siqnalları gəlir. Əgər buna diqqət yetirilməsə, zaman keçdikcə o, xroniki hala çevrilir. Artıq həmin andan etibarən onun müalicəsi çox çətin və uzunmüddətli olur. Biznesdə də təəssüf ki, yanaşma əksər hallarda belədir. Sahibkar çox nadir hallarda kənardan 3-cü bir baxışın onun biznesini analiz etməsinə ehtiyac olduğunu fikirləşir. Çünki biznesi özü qurduğu və özü idarə etdiyi üçün bütün problemləri də (eynilə əvvəlki illərdə olduğu kimi) özü həll edəcəyinə inanır. Amma siqnallarını daha əvvəl "qəbul edə bilmədiyi" və vaxtında aşkar edə bilmədiyi xronikləşmiş problemlər bir çox hallarda şirkətin ən böyük düşməninə çevrilir. Ona görə də, inkişaf etmək istəyən şirkətlər üçün müayinə olunmaq şərtdir və analiz edilmədən davam etmək risklidir.

- Seymur bəy, "Nokia. Qərbdən doğan bir günəşin şərqdə süqutu" kitabındakı: "Diqqət hara fokuslanarsa, enerji də ora axar" başlığı diqqətimi çəkdi. Bu məqamı gənclərə şamil etsək, günümüzdə gənclər nəyə fokuslanmalıdırlar?
- Bəzən elə olur ki, insan təkcə anı, yəni, bu günü yaşayır. Amma şirkətlər belə deyil, onlar bu anda gələcəyi yaşayırlar. Çünki onların bu gün istehsal etdikləri məhsullar yaxın və ya uzaq gələcəyə, bir sonrakı zamana hesablanmış olur. Ona görə onların diqqət və enerjiləri gələcək istiqamətlidir. İnsan da bunun kimi gələcəkdə daha yaxşı imkanlara sahib olması üçün bu günü çox faydalı dəyərləndirməli və özünü inkişaf etdirməlidir. Gənclər daha çox gələcəkdə tələb olunacaq texniki, sosial və s. bacarıqları indidən araşadırıb diqqətlərini onlara fokuslasalar və enerjilərini də sırf inkişafa aparan istiqamətlərə sərf etsələr, daha uğurlu olarlar.

- "Nokia" şirkətinin smartfon istehsalındakı uğursuzluğu ilə bağlı "şirkət mədəniyyəti" faktoruna toxunursunuz. Ölkəmizdə bu barədə vəziyyət sizi qane edirmi?
- İnsanı da, şirkəti də zəiflədən daha çox daxili problemlər olur. Korporativ mədəniyyətin olmadığı bir yerdə heç nə uzunmüddətli və istənilən səviyyədə olmur. Bəziləri deyir ki, mənim şirkətimdə heç korporativ mədəniyyət yoxdur, amma qazanc əldə edirəm. Amma unutduğu məqam ondan ibarətdir ki, o qazandığının neçə qatını həmin boşluqlara görə itirir. Nə vaxtsa ciddi bir təsir faktoru ortaya çıxdıqda qurduğu biznes mühitində şirkət mədəniyyəti formalaşmadığı üçün həmin təsirlərə davam gətirə bilmir. Bu baxımdan istər şirkətin qazancının, istərsə də rəqabət qabiliyyətliliyinin artması üçün şirkət mədəniyyəti düzgün qurulmalı və qorunmalıdır. Yerli şirkətlərdə, xüsusilə də, kiçik ölçülü olanlarda korporativ mədəniyyətin tam formalaşdığını hələ söyləmək olmaz.

- Ölkəmizdə analiz etdiyiniz, hesablamalar apardığınız şirkətlərdə ən çox hansı məqamlar diqqətinizi çəkir?
- Problemlərini qəbul etməmək, "Hər şeyi doğru edirəm" düşüncəsində olmaq, yeni fikirlərə, yeni təkliflərə, yeni ideyalara, ümumiyyətlə yeniliklərə qapalı olmaq, işçilərə dəyər verməmək, korporativ mədəniyyətin tam formalaşmaması ən çox diqqətimi çəkənlərdəndir.

- "Nokia. Qərbdən doğan bir günəşin şərqdə süqutu" kitabında belə bir ifadə var: "Zamandan asılı olan işlərdə tələsdikdə zaman və enerji sıxışdırılaraq preslənir. Preslənən enerji isə tərs effekt yaratdığı üçün stress formalaşır". Belə bir iş mühitində işləyən insanlara, ya da belə bir iş mühitini formalaşdıran rəhbərlərə nələri tösiyə edərdiniz?
- Bunun bir neçə səbəbi var. Bunlardan biri plansızlıqdır. Dünən bir şirkətdə elə bunu müşahidə etdim. Müəssisənin aylıq, həftəlik və gündəlik iş planı yoxdur. Nə sifariş gəlsə, başlayırlar pərakəndə şəkildə onu istehsal etməyə. Sifariş çoxalanda isə onu qəbul etdikləri halda çatdıra bilmirlər. Çünki şirkətin standartı, prioriteti yoxdur. Proses analizləri aparılmır. Götürdükləri işi çatdırmayacaqlarını dəqiq bilmirlər və daha çox qazanmaq üçün bütün sifarişləri çatdırmaq istəyirlər. Amma unudurlar ki, dəzgahın da, insanın da işlə bağlı standartları və məhdudiyyətləri var və onu aşdıqda istər-istəməz keyfiyyət problemləri yaşanacaq və reallıqda da yaşanır. Müəssisələr əvvəlcə potensiallarını, onların sərhədlərini nəzərdən keçirsələr, daha yaxşı nəticələr əldə edərlər. Xüsusilə də, planlı şəkildə işləməyə ehtiyac var.

- Şirkət dəyərləri haradan əldə etməlidir, özü formalaşdırmalı, yoxsa kənar təcrübələrdən istifadə edərək özü üçün dəyər transfer etməlidir?
- İnsanın dəyərləri özünə xas olduğu kimi, şirkətin də dəyərləri özünəməxsus olmalıdır. Bunu formalaşdırarkən şirkət kənar şirkətləri analiz edə və onlardan faydalı olanları və tətbiqi mümkün olanları götürə bilər. Dəyər anlayışı ümumi bir məfhum olsa da, şirkətlər yenə də dəyərləri özlərinə uyğunlaşdırmalı, özlərinə xas dəyərlərə sahib olmalıdırlar.

- Ölkəmizdə qurulan özəl və ya dövlət şirkətlərində hansı mənfi və müsbət məqamları görürsünüz? Sizcə, ölkəmizdə hansısa şirkət və ya şirkətlərdə "Nokia sindromu" yaşanırmı?
- Nokiadakı ən böyük problemlərdən biri: "Hər şeyi biz yaxşı bilirik və biz düzgün edirik" yanaşması idi və bu düşüncə innovasiya və yeniliklərə qarşı açıq olmağın üstündən xətt çəkdi. Bəli, bu yanaşma müxtəlif sektordakı müəssisələrin əksəriyyətində mövcuddur. Arxayınlıq heç vaxt uğur gətirmir.

- Seymur bəy, sizcə, marketlərin endirim anlayışı necə olmalıdır? Məhsul üzərindəki endirimli qiymətlər əslində, nəyi ifadə edir?
- Dünya praktikasında bu yanaşmalar fərqlidir. Adətən, endirimın daha çox satılması nəzərdə tutulan məhsullar üçün təyin edildiyi düşünülsə də, bəzi böyük şirkətlər bu addımı rəqibləri "təsirsiz hala gətirmək" üçün atırlar. Bu halda isə təkcə rəqiblər yox, əksər hallarda təchizatçılar da təsirlənirlər. Mənzərəyə ümumilikdə nəzər saldıqda isə bütün təchizat zəncirinin təsirləndiyini görürük.

- Evimizdə oturaraq onlarla market şəbəkəsindəki qiymətlərdən, endirimlərdən xəbər tuta biləcəyimiz bir tətbiq yazıla bilərmi? Həmçinin, belə bir məlumat bazası olan tətbiqlə işləmək insanların aylıq xərclərinin azalmasına gətirib çıxara bilərmi? Ölkəmizdə bunun reallaşmasına mane olan amillər nələrdir?
- Bu təcrübələr xaricdə 20-30 il əvvəldən mövcuddur və fikrimcə getdikcə dünyada daha çox yayılacaq. Təbii ki, bu aylıq büdcəyə qənaətə də səbəb ola bilər. Maneəyə gəlincə, maneə yox, mən deyərdim ki, bu sahədə texniki və texnoloji mənada işlər görülsə, çox faydalı nəticələri ola bilər.

- Ölkəmizdə marketlər belə bir məlumat bazasını mütəmadi olaraq müştəriləri ilə paylaşmaqda nə üçün maraqlı deyillər?
- Heç bir mağaza və müəssisə üçün müştəri mühüm deyil, mühüm olan onların vərdiş və davranışlarıdır. Bu davranışlar müxtəlif alqoritmlər tərəfindən hesablanaraq müxtəlif məhsul və xidmətlərin daha çox reklam edilməsi, tanıdılması və satılması istiqamətində istifadə olunur. Hətta müştərilərin mövcud davranışları ilə yanaşı potensial davranışlarını da ehtimal edə bilirlər. Bu statistik məlumatlar şirkətlər üçün dəyərlidir və ona görə də, qoruyub saxlayırlar.

- Hədəfə doğru irəliləyərkən nümunəvi olmaq barədə nə deyə bilərsiniz? Sizcə, bir şirkət rəhbəri bazardakı rəqibinin iflas etdiyini eşidəndə sevinməlidirmi?
- "Walmart" nümunəsində Sam (şirkətin sahibi) rəqibin iflas etdiyini eşidən işçilərinin sevindiklərini görür. Bu zaman o, şirkət işçiləri kimi rəqib firmanın iflas etməsinə sevinmir, əksinə: "O qədər insan çörəyindən oldu, ancaq siz sevinirsiniz?" deyərək onları məzəmmət edir. İşçilərinə, "Walmart"ın İnsan Resursları şöbəsinə, "Mümkün qədər həmin işçiləri işə götürün ki, işsiz qalmasınlar", deyir. Bir şirkətin özünə, müştərisinə və rəqibinə hörməti olmalıdır.

- Universitetlərin inkişaf sürətinin sənaye və iş dünyasının innovasiya sürətindən geri qalmasının səbəbləri nələrdir?
- Texnologiyanın sürəti elə bir həddədir ki, avtomobil istehsalçıları 6 ayda bir model dəyişdirirlər. Çünki yeni modellər istehsal etməsələr və innovasiyada yarışmasalar, bazar payını itirəcəklər. Bu baxımdan da çox sürətli şəkildə inkişafa fokuslanırlar. Belə olduqda da 6 ay əvvəlki məlumat və üsullar belə bəzən işə yaramır. Amma təhsil müəssisəsində öyrədilən proqramlar adətən 5 illik plana uyğun aparılır. Hansı ki, bu müddət ərzində bir çox sahələrdə artıq dəfələrlə (hətta onlarla dəfə) dəyişikliklər, innovasiyalar edilir. Bu baxımdan universitet-sənaye işbirliyi ilə bu məsələ daha asan öz həllini tapa bilər. Qlobal şirkətlər öz əməkdaşlarını təhsil müəssisələrinə göndərir və tədris prosesinə birbaşa dəstək olurlar.

Fraza jurnalı,
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top