Rəcəb, Şaban və Ramazan ayları bizim üçün nə ifadə edir?


Aylar, bəlkə də illər sonra atasına və ya anasına qovuşan bir uşağı xəyalımıza gətirək. Sevinc göz yaşlarının sel kimi axdığı o qovuşma anı sanki toy-bayramı xatırladır. İnternet aləmində övladların ata və ya anasına qovuşduğu bu kimi anların əks olunduğu onlarla video var. Həm uşaqlar, həm ana və ata üçün ayrılıq günləri o qədər həsrət dolu və bir-birilərinə qovuşma arzusu ilə keçmişdi ki, nəticədə o ayrılıq acısı bu qovuşma ilə toy-bayrama dönmüş, bəlkə də dünyanın ən gözəl mənzərəsi halına gəlmişdi. Əgər hansısa səbəblərə görə o həsrət dolu günlər olmasaydı bəlkə də belə sevinc dolu bir qovuşma anı yaşanmazdı.
Bir şadlıq sarayının önündən keçəndə orada universitet məzunlarının havaya papaq atma anına şahid olmuşdum. Bu onlar üçün uiversitetdən məzun olmalarının simvolik əlaməti idi. Şəhərdə hər şey öz axarında gedərkən şadlıq sarayının həyətində fərqli bir sevinc, fərqli bir ab-hava vardı. Kim bilir, onların dünyasında həmin gün bəlkə də 4 illik dərs ab-havasının, stresli imtahan günlərinin artıq sonu demək idi. Bir sözlə onların bu sevincinin ən azı 4-5 illik tarixçəsi vardı. Yoldan keçənlərin sadəcə bir anlıq maraqla dönüb baxdıqları, sonra da yollarına davam etdikləri mənzərə oradakı məzunlar və valideynləri üçün uzun və zəhmətli illərin bəhrəsi idi. Havaya papaq ataraq məzuniyyətləri qeyd edən məzunlar bu günü həsrətlə gözləməsəydilər, həmçinin bu günə gəlib çatana qədər çəkdikləri zəhmət və yorğunluqları olmasaydı şahid olduğum ogünükü sevinc dolu mənzərə bəlkə də yaşanmazdı.
Yuxarıdakı misallardan anlamaq olar ki, ortada bir sevinc varsa, insanlar nəyəsə nail olduqlarına görə sevinc gözyaşları ilə həmin anı qeyd edirlərsə, deməli bu hadisələrdən əvvəl yaşanan duyğular, özləm dolu günlər, çəkilən zəhmətlər var.
Eyni bu məsələni yazı başlığında verdiyim üç aylar məsələsində, Rəcəb, Şaban və Ramazan aylarının gəlişi münasibəti ilə də demək olar. Ya da biz üç aylar məsələsini, bu ayların fəzilətini bu aspektdən baxaraq da anlamağa çalışa bilərik… Üç ayları hiss edib yaşamağı, yəni Rəcəb, Şaban və Ramazan aylarında mənəvi atmosferə bürünməyi yuxarıdakı misallara bənzətmək istəyirəm.
İnsan bir şeyi nə qədər çox özləyər, ona qovuşmağı, onu əldə etməyi nə qədər çox arzulayarsa, həsrətində olduğu həmin şeyi əldə edəndə onun qədrini bir o qədər daha yaxşı anlayar. Bu məsələni “Üç aylara” şamil etsək, deyə bilərik ki, üç aylarla, yəni Rəcəb, Şaban və Ramazan aylarıyla bizim aramızdakı əlaqə yoldan keçərkən bir anlıq sevinc göz yaşları ilə göyə papaq atan məzunların halına baxan, sonra da yoluna davam edən bir adamın halına bənzədə bilərik. Həmçinin üç aylarla bizim aramızdakı əlaqəni sevincdən havaya papaq atan məzunlardan birinin halına da bənzətmək olar. Geriyə sadəcə bir sual qalır… Biz yaşanan hadisəyə haradan baxırıq?
Bir sənədli filmə baxmışdım. Deməli, çinli bir rəssam uzun illər Baden-Baden şəhərinin mavi gecələrinin rəsmini çəkərək satırmış. Ancaq bu rəssam bir dəfə belə olsa Almaniyanın Baden-Baden şəhərində olmamışdı. O günlərin birində borc-xərc edərək uzun illər rəsmini, mavi gecələrini yağlı boya ilə tabloya köçürdüyü həmin bu şəhərə, Baden-Badenə gedir. Bu zaman şahid olur ki, məgərsə, həqiqətən də bu şəhərin səması axşamçağı mavi rəngdə olurmuş. Sənədli filmdə rəssam bu hadisəni elə maraqla, elə həyacanla danışırdı ki gəl görəsən. Rəssamın keçirdiyi bu həyəcanı bəlkə də ömrü boyu Baden-Badendə yaşayan insanlar keçirməmişdi. Haşiyəyə çıxaraq qeyd edim ki, bəlkə də bu yazını oxuyanlar arasında Baden-Badendə olanlar varsa, hətta onlar belə böyük ehtimal sənədli filmdə göstərilən çinli rəssamın o hissləri keçirməyib. Budur, illərin həsrəti, bəlkə də həyatını həsr etdiyi, ömründən günlər, aylar verərək rəsmini çəkdiyi, xəyalında yaşatdığı bir şəhərə çinli rəssam nə vaxtsa günün birində gedib çıxır. Bu çinli rəssamın yaşadığı duyğularla artıq uzun illərdir orada yaşayan bir şəxsin adi bir günü eyni ola bilərmi? Budur bizə üç aylarla bağlı başqa bir misal… Üç aylar hər birimizin evinə, ocağına gəlib keçir. Üç ayların bərəkətindən istifadə etmək isə qalır hər birimizin bu günləri, bu ayları nə qədər həsrətlə gözlədiyimizə…
Paketi açılmamış, yəni təzə və işlənməmiş halının bugünkü qiyməti təxminən 3000 manatdən çox olan “iPhone 14 Pro Max” telefonu haqqında, onun xüsusiyyətləri barədə heç bir məlumatı olmayan bir şəxsə həmin bu telefonu 500 manata satmağa çalışsaq, bəlkə də heç almayacaq, maraq duymayacaq, qiymətin çox yuxarı olduğunu deyəcək. Ancaq həmin telefon ilk dəfə satışa çıxanda saatlarca növbə gözləyərək bu telefonu elə endirimsiz ilk təklif edilən qiymətə almağa çalışan minlərcə insanın da olduğunu görürük. Üç ayların, bunun içərisində olan Ramazan ayının, Ramazan ayının da içərisində olan Qədr gecəsinin qədrini, dəyərini bilməyən insanları 500 manata “iPhone 14 Pro Max” almaqdan imtina edən şəxsə bənzədə bilərik. Əgər dəyərini bilmirsənsə, sənə heç lazım deyilsə, bəlkə də 100 manata belə təklif edilsə “iPhone 14 Pro Max” almayacaqsan. Eynilə bunun kimi Üç aylar, bu ayların bərəkəti, xüsusilə bu ayları Ramazan ayına hazırlıq mərhələsi kimi görməyən bir insan üçün bu ayların, günlərin heç bir əhəmiyyəti yoxdur. Üç ayların dadını, duzunu özləmək, bu ayların gəlişini həsrətlə gözləmək üçün gərək əvvəlki illərdə bu ayları yaşamış, hiss etmiş olasan. Ya da bu üç ayları elə bu ildən başlayaraq, elə yaşamalı, elə istifadə etməliyik ki, onun dadı, duzu bizim ruhumuzda izlər buraxsın, ruhumuzda qalan bu izlər, o dad və qoxular növbəti ildə də bizə bu ayları həsrətlə gözlətsin.
Günümüzün ümumi atmosferi elədir ki, radio və televizorlar, buralarda yayımlanan verilişlər, film və proqramların məzmun və mahiyyəti, insanı oralarda daha çox vaxt keçirmələrinə görə hesablanmış növbənöv sosial media məcraları, həmçinin təyyarələrin, qatarların, avtomobil və digər nəqliyyat vasitələrinin səs-küyü, xüsusilə böyük şəhərlərdə günün istənilən vaxtında varlığını davam etdirən tıxaclar, yersiz basılan uzun siqnal səsləri, insanların diqqətini çəkməyə hesablanmış müxtəlif reklam və təbliğat vasitələri insanların ruhuna təsir edir, əsəblərini korlayır. Bütün bunları nəzərə alanda günümüzdə insanların əksəriyyəti, bəlkə də hamısı ruhda və beyində köklü “mənəvi əməliyyatlar” keçirmədən Rəcəb, Şaban və Ramazan aylarının mənəvi ab-havasını hiss edib yaşamaları çox çətin, bəlkə də mümkün deyil.
İslam dini insan həyatını o qədər dərindən və şümullu bir şəkildə əhatə edir ki, insan həyatının il ərzində sadəcə bir neçə gününü deyil, əslindən hər gününü, hər saatını, hətta hər dəqiqə və saniyəsini əhatə edən bir deyərlər məcmusudur. Bəli, bu aspektdən baxanda İslamı sadəcə bayramdan bayrama, cümədən cüməyə, yada sadəcə müəyyən gün və gecələrdə yaşanan bir din olaraq qələmə vermək çox doğru olmaz.
Rəcəb ayı başlayanda Allah Rəsulu (s.ə.s) belə dua edərdi: “Allahım, Rəcəb və Şaban aylarını bizim üçün bərəkətli et və bizi Ramazana qovuşdur” (Təbəri, Mucəmul-əvsat, IV, 189). Burada “bərəkətli et” dedikdə, onun nemətlərindən bizi də bəhrələndir, onun mənəvi ab-havasından bizi də nəsibləndir mənası anlaşılır. Həmçinin bu duada Rəcəb və Şaban aylarını xeyirxah əməllər və ibadətlə keçirmək, bu gözəl əməllərlə Ramazana çatmaq arzusu var. Bu duada Həzrət Peyğəmbərimizin (s.ə.s) Rəcəb ayının əvvəlindən (hələ Ramazan ayına iki ay qalmış) Ramazan ayını arzuladığını və Ramazan ayına qovuşmaq istədiyini anlamaq olar.

Qeyd: "“Qənimət ayları” – Rəcəb, Şaban və Ramazan" başlıqlı digər bir yazını buradan oxuya bilərsiniz.


Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top