"Dövlət Sosial Müdafiə Fondu" (DSMF) Publik Hüquqi Şəxsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi Həsənova Qaze Həsən qızı (VÖEN- 1600110362) olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, Həsənova Qaze Həsən qızı DSMF tərəfindən eyni tarixlərdə keçirilən 2 tender müsabiqəsinin qalibi olub. Bu tenderlərdən biri haqqında dünən – 26.01.2023-cü il tarixində məlumat vermişdik .
Həsənova Qaze Həsən qızı DSMF-nin Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün də ofis sahəsi icarəyə verəcək. İcarəyə götürüləcək ofisin ümumi sahəsi 3000 kv. metr olacaq və bunun üçün Qaze Həsənovaya 9 aylıq icarə haqqı olaraq 417 min 150 manat ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay 46 min 350 manat ödəyəcək.
Qeyd edək ki, ötən il də DSMF eyni əmlakı Qaze Həsənovadan bir il müddətinə icarəyə götürmüşdü.
Bundan başqa DSMF fərdi sahibkar Nurəddin Sovet oğlu Abbasov ilə də icarə müqaviləsi imzalayacaq. Nurəddin Abbasov ümumi sahəsi 500 kv. metr olan anbar sahəsini 9 ay müddətinə DSMF-yə icarəyə verəcək və qarşılığında 24 min 750 manat alacaq.
A. Cəfərov