Son dövrlərin ən aktual məsələlərindən biri də qiymət artımıdır. Əlbəttə ki, bu problem hər kəsi narahat edir. Lakin vətəndaşı daha çox narahat edən məqam süni-qiymət artımı ilə bağlıdır. Belə ki, marketə daxil olan alıcı vitrində gördüyü qiymətlə kassada qarşılaşdığı məbləğ arasında ciddi fərqin şahidi olur. Çox vaxt öz hüququndan xəbərsiz olan vətəndaş tələb olunan məbləği ödəməli olur. Xüsusən alış-veriş zamanı müştəri çoxlu ərzaq alırsa, bu zaman çekdəki qiymətlərlə piştaxtada gördüyünün arasındakı dəyişkənliyin fərqində belə olmur. Bəs görəsən bu cür hallarla qarşılaşdığı zaman alıcı nə etməlidir? Taxçada gördüyü qiyməti yoxsa kassada ona oxunan məbləği ödəməlidir? Mağaza sahibi vətəndaş qarşısında hansı öhdəlikləri daşıyır?
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, azad bazar iqtisadiyyatında qiyməti dövlət tərəfindən tənzimlənməyəm malı sahibkarlar istədiyi qiymətə satır:
“Məhsulların qiyməti dövlət tərəfindən tənzimlənmədiyi üçün sahibkar özünə nə xeyir edirsə, elə də qiymət təyin edir. Ən çox rast gəlinən odur ki, taxçada qiymət fərqli görünür, amma kassada tamamilə başqa məbləğlə qarşılaşırıq. Bu isə süni qiymət artımı, eyni zamanda da, istehlakçıları aldatmaq deməkdir. Bu hal o qədər geniş vüsət alıb ki, bizim quruma gün ərzində onlarla belə müraciət daxil olur. Bununla yanaşı, marketlərdə alıcıları qeyri-yollarla aldatma cəhdləri də qarşılaşdığımız problemlərdən biridir. Xüsusilə kartla ödəniş zamanı vətəndaşın aldığı məhsulun yerinə fərqli bir malın qiyməti vurulur. Çox vaxt alıcı buna fikir vermir. Bu səbəblə də vətəndaşları diqqətli olmağa səsləyirəm. Marketdən çıxmadan telefonlarına gələn mesaja baxsınlar və ödədikləri məbləğlə çekdə yazılan rəqəmi qarşılaşdırsınlar. Şəxsən məni istehlakçı olaraq şəhərin mərkəzində yerləşən “Grand” marketdə bir il ərzində yüz manata yaxın aldatma cəhdləri olub. Bilən kimi etiraz edib pulumu geri almışam”.
Ölkədə istehlakçıların hüquqlarının lazımi səviyyədə qorunmadığını deyən E. Hüseynov marketlərdə bu cür özbaşınalığın davam etməsinə səbəb kimi İqtisadiyyat Nazirliyinin şikayətlərə müdaxilə etməməsini göstərib:
“Vətəndaş bilməlidir ki, belə vəziyyətlə qarşılaşdığı zaman piştaxtada gördüyü qiyməti ödəmək hüququna sahibdir. Hətta o mağaza sahibinə şikayət edərək qiymətin yerindəcə dəyişdirilməsinə nail olmalıdır. Belə vəziyyətdə sahibkar cinayət məsuliyyəti daşıyır. Əgər alıcının iradına əməl olunmazsa o, 195-1 nömrəli İqtisadiyyat Nazirliyinin qaynar xəttinə müraciət edə bilər. Lakin çox təəssüf hissi ilə demək istəyirəm ki, adıçəkilən dövlət qurumu son dərəcə passiv işləyir. Demək olar ki, müraciətlərə baxılmır. İstehlakçıların hüququnu qorumur. Dünyanın bir çox ölkəsində istehlakçı hüquqları ön plandadır. Polşa kimi zəyif bir ölkədə istehlakçıların hüququnu müdafiə edən 40-a yaxın ictimai təşkilat dövlət tərəfindən mailiyyələşdirilir. Azərbaycanda isə 1995-ci ildə qəbul olunmuş istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun köhnəlib və demək olar ki, işləmir. Belə olan halda da vətəndaşların aldadılması və pulunun mənimsənilməsi halları baş verir. Qeyd edim ki, bu cür yolla aldadılan vətəndaşlardan bir ildə 500 milyon manat məbləğinda pul mənimsənilir”.
Bütün bunları nəzərə alaraq sözügedən quruma soğru göndərdik:
- Mağazada aldadılan vətəndaşların hüquqlarını qorumaq adına İqtiadiyyat Nazirliyi hansı tədbirləri görür?
- Qaynar xəttə daxil olan şikayətlər necə dəyərləndilir?
Bu və bunun kimi bir neçə sualımız sözügedən qurum tərəfindən cavablandırılmadı. Son söz oxucunundur...
Xəyalə Sadıqova