9 milyon mənimsədiyi deyilən iş adamı: “Çatışmayan nəsə varsa, ödəyərəm”


Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində silah-sursat anbarının tikintisi, o cümlədən ərazinin abadlaşdırılması, mebel avadanlıqlarının quraşdırılması üçün büdcədən ayrılmış 7 milyon manatdan çox vəsaitin mənimsənildiyi iddia olunur.
Yeniavaz.com
“Azadlıq Radiosu”nun Azərbaycan xidmətinə istinadən xəbər verir ki, bu məsələ ilə əlaqədar məhkəmə araşdırmaları başlayıb.
Bildirilib ki, bu işə görə təqsirləndirilən şəxs statusunda hakim qarşısına çıxarılan isə “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənovdur.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Həsənov Müdafiə Nazirliyi ilə yanaşı, həm də Tarix Muzeyində mənimsəmələrə görə ittiham edilir. Ona CM-nin 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Şirkət rəhbəri 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməməkdə, sənədlərdə qiymətləri şişirtməkdə təqsirləndirilir. Həmin iş üzrə 7 milyon 353 min manat büdcə vəsaitinin mənimsənildiyi iddia olunur.
Muzey məsələsinə gəlincə, ittihamda göstərilib ki, Həsənov 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasını üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. Həsənov bu epizod üzrə 1.8 milyon manatlıq yeyintidə ittiham olunur.
Ümumilikdə 9.1 milyon manatlıq mənimsəmədə ittiham olunan şirkət rəhbəri özünü təqsirli bilmir. Onun özü də, vəkilləri də deyir ki, hərtərəfli araşdırma aparılmadan, mötəbər sübutlar olmadan həbs edilib.
“Mən niyə həbs olunmuşam, bilmirəm. Maliyyə Nazirliyinin bir sənədi ilə tutublar. İstintaqda vəkillərim vəsatət verdi ki, şahidlər dindirilsin, təmin olunmadı. Mən özümü təqsirli bilmirəm. Amma çatışmayan nəsə varsa, ödəyərəm. Əmlakım varsa, həbs qoyulubsa, daha mən niyə həbs olunuram...”, – təqsirləndirilən şirkət rəhbəri yanvarın 11-də məhkəmədə belə deyib.
Məhkəmə işadamının ev dustaqlığına buraxılmasını məqsədəuyğun hesab etməyib.
Vəkillərin daha bir istəyi isə təkrar mühasibatlıq ekspertizasının keçirilməsi olub. Bu məsələni isə hakimlər, hələlik, baxılmamış saxlayıb.
Qeyd ediblər ki, şirkət rəhbərinin vəkilləri məhkəmə prosesinin qapalı keçirilməsini istəyib. Deyiblər ki, jurnalistlər iştirak edir, bu məsələ ictimailəşir, halbuki, bu işdə kommersiya sirri hesab olunan məsələlər ortaya çıxa bilər. Həmçinin dindirmələr zamanı hərbi obyektin tikintisi haqda söhbət açılar. Hakimlər məhkəmə prosesini bütövlükdə qapalı keçirməkdən imtina edib. Vəkillərə bildirilib ki, əgər prosesin gedişində sirr hesab olunan məqamlar ortaya çıxarsa, müəyyən məhkəmə iclasları qapalı keçirilə bilər. Amma məhkəmə prosesi bütövlükdə qapalı keçirilə bilməz. Məhkəmə araşdırmaları davam edir.

DİGƏR XƏBƏRLƏR

Top