Bu gün onlayn mediada mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsində məişətdə istifadə olunan qaz balonu daşıyaraq onu salonu isitmək məqsədilə işlək vəziyyətə gətirməsini əks etdirən video görüntü yayımlanıb. DYP tərəfindən sözügedən videomaterial üzrə dərhal müvafiq tədbirlər həyata keçirilib və Cəlilabad şəhərində müntəzəm marşrut xətti üzrə sərnişin daşıma fəaliyyəti göstərən “Mercedes” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Yaşar Bağırov saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağına yerləşdirilmiş, sürücü Y.Bağırov barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün araşdırma başlanılıb:
“Baş DYP İdarəsi belə halların yolverilməz olduğunu xatırlatmaqla yanaşı, bir daha sərnişin daşma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara sərnişinlərin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı, fəaliyyətlərini qanunla nəzərdə tutulmuş tələblər səviyyəsində həyata keçirməyi tövsiyə edir”.
***14:46
Cəlilabad rayonunda fəaliyyət göstərən marşrut xətlərinin birində kiçiktutumlu avtobusun qızdırılması üçün maye qaz balonu yandırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Yazılan məlumatlara əsasən, avtobusda istilik sistemi yoxdur.
Sürücü qış aylarında avtobusun qızdırılması üçün maye qaz balonundan istifadə edirki, bu da təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulması deməkdir.
Görüntülərdən avtobusun baxımsız vəziyyətdə olduğu və uzun müddətdir istismar olunduğu da aydın olur.
Kadrlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sözügedən görüntüləri təqdim edirik: