Tofiq Yaqublunun həyat yoldaşı aclıq aksiyasına başladı


Milli Şuranın üzvü Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu aclıq aksiyasına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Mən də aclıq elan edirəm. Bu gün təcridxanada Tofiq ilə görüş günüm idi. Düşündüm ki, bəlkə, sovqatı qəbul edib, mənə görüş verərək Tofiq Yaqublunun tələblərini yerinə yetirərlər və bununla da Tofiq Yaqublu aclığı dayandırar. Ancaq sovqatı qəbul etmədilər. Təkidlə israr edəndən sonra mənə görüşə icazə verdilər. Görüş otağında görüşləri şüşə arxasından verirlər. Orada adamların bir-biri ilə əlaqə qurması üçün isə telefonlardan istifadə edilir. Ancaq bu gün görüş otağındakı bütün telefonlar işləmirdi. Sözsüz ki, bu bizim bir-birimizlə rahat danışmağımıza əngəl yaratmaq üçün edilmişdi. Çətinliklə də olsa, bir-birimizlə cəmi 10 dəqiqə də olsa, danışa bildik. Tofiqi görəndə şoka düşdüm. Dəhşətli dərəcədə arıqlamışdı. Sonuncu dəfə aclıqdan sonra necə görmüşdünüzsə, eləcə idi. İçəridə yeməklər yaxantı olduğundan yeyə bilməyib. Yalnız peçenye ilə qidalandığını bildirdi. Kamerada adam çox olduğundan apardığım peçenyelərin də çox az hissəsini qəbul edə bilib. Anlayacağınız Tofiqin vəziyyəti çox pisdir. Hər an faciə baş verə bilər.
Mən də bu gündən yoldaşıma dəstək olaraq aclıq aksiyasına qoşuluram. Tofiqi göz görə-görə həbsxanada öldürürlər. Onsuz da gördüyü işgəncələr, həbsxanalar onun səhhətinə çox ciddi zərərlər verib. Biz neçə dəfə onu ölümün caynağından geri almışıq. Bu dəfə artıq elə olmayacaq. Mən həmişə yoldaşıma dayaq olmuşam. Baxmayaraq ki, mənim də səhhətimdə ciddi problemlər var, amma hər şeyə rəğmən mən də bu gündən evimdə aclıq edirəm. Öləcəyiksə, bərabər öləcəyik”, - M.Yaqublu yazıb.
Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə keçirilən etiraz aksiyasında saxlanılıb. Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib. O, qanunsuz həbsi və hüquqlarının pozulmasına etiraz olaraq yanvarın 5-dən aclığa başladığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top