AMEA-nın Elmi Kitabxanasının mühafizə xərcləri 2 dəfə artırıldı – Təfərrüat


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC (VÖEN – 1601045851) olub.
“Alov-Mühafizə” MMC 2023-cü il ərzində (12 ay) AMEA Mərkəzi Elmi Kitabxanasının mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında AMEA Mərkəzi Elmi Kitabxanası “Alov-Mühafizə” MMC-yə 119 min 772 manat 36 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Alov-Mühafizə” MMC 21.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.
Qeyd edək ki, ötən ilin əvvəlində AMEA Mərkəzi Elmi Kitabxanasının keçirdiyi analoji tenderin qalibi də “Alov-Mühafizə” MMC olub. Ötən ilin 11 ayı ərzində sözügedən MMC Mərkəzi Elmi Kitabxananın mühafizəsi üçün 50 min 8 manat 22 qəpik alıb.
Onu da bildirək ki, 2020-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasının mühafizəsi ilə bağlı keçirilən tenderin qalibi “Vətən-N Mühafizə Xidməti” MMC olub.
“Vətən-N Mühafizə Xidməti” MMC 6 ay ərzində AMEA Mərkəzi Elmi Kitabxanasının mühafizəsini təşkil etmək üçün 39 min manat alıb.
Xəbəri rus dilində oxuyun: Стоимость охраны Научной библиотеки НАНА увеличена в 2 раза - Подробности

“Vətən-N Mühafizə Xidməti” MMC “Alov-Mühafizə” MMC-dən sonra yaranıb.
Rəsmi məlumatlara görə, MMC 27.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Xəzər rayonu, Şüvələn ŞTQ, ev 921 K”da yerləşən MMC-nin nizamnamə kapitalı 300 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Qasımov Etibar Ağahüseyn oğludur.
Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisidir.
Onu da bildirək ki, mətbuatda yayılan sənədlərdə (15 mart 2019-cu il tarixli) Qasımov Etibar Ağahüseyn oğlunun eyni zamanda “Alov-Mühafizə” MMC-yə rəhbərlik etdiyi (Baş idarə rəisi) qeyd olunub. Mətbuatda “Alov-Mühafizə” MMC-nin də “Riyad Mühafizə Xidməti” MMC-nin bazası əsasında yaradıldığı bildirilib.
Xatırladaq ki, bu ilin sentyabr ayında “Alov-Mühafizə” MMC-nin 1 milyon 985 min 767 manat 29 qəpik vergi borcu olub və bu qədər borcunun olmasına baxmayaraq MMC-nin müxtəlif filialları çoxsaylı tenderlərin qalibi olub. Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, son 3 ay ərzində “Alov-Mühafizə” MMC dövlət büdcəsinə olan 2 milyonluq borcunu ödəyib.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top