Sovet xalqlarına qarşı törədilən Böyük təmizləmə əməliyyatından, 1937-38-ci illər repressiyasından Azərbaycan ədəbiyyatı da öz nəsibini almışdır. Hələ orta məktəb illərində Mikayıl Müşfiqin, Əhməd Cavadın şeirlərini oxumuş, oxuduqca da onların qısa ömrünə, repressiya qurbanlarının yarımçıq qalan həyatlarına məyus olmuşuq. Lakin heç vaxt o qurbanların ailə üzvlərinin nələr çəkdikləri, sonrakı taleləri haqqında düşünməmişik. Bu dəfə haqqında danışacağım "Şükriyyə taleyim" əsəri sizi bu barədə düşünməyə vadar edəcək.
"Şükriyyə taleyim" tarixi romanı 2020-ci ildə yazıçı Ülviyyə Tahir tərəfindən qələmə alınmışdır. Əsərin adı Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanıma yazdığı eyniadlı şeirdən götürülmüşdür (Emin Sabitoğlu bu şeirə musiqi bəstələyərək, ona ikinci həyat vermişdir).
Şükriyyə taleyim, şükür Xudaya!
Gördüyüm doğrumu, yoxsa bir röya!?
Dolub ürəyimə bu dadlı xülya,
Yaşaya bilmərəm bir kərəm, sənsiz!
Adından da göründüyü kimi əsər 44 ALJİR (Akmolinskiy Laqer Jen İzmennikov Rodinı) qəhrəmanından biri olan Şükriyyədən bəhs edir.
Kitabı oxuyarkən o qədər təsirlənmiş, o qədər bəyənmiş, bədiiliyə o qədər valeh olmuşdum ki... Bir anlıq çoxdandır müasir ədəbiyyatımızdan bu qədər gözəl əsər oxumadığımı xatırladım və kitabı bitirən kimi oxucularla paylaşmağa tələsdim.
Gələk əsərə. 1945-ci il. Qazaxıstanın "vətən xainləri"nin həyat yoldaşlarının saxlandığı Akmol düşərgəsindən Azərbaycana yola düşən qatarda bir qadın əyləşib. Üzündə yaşadığı acıların bütün nişanələrini daşıyan, 8 il əvvəl 47 qadınla birgə bir-birinə zəncirlənmiş şəkildə bu düşərgəyə gətirilən bu qadın gürcü knyazının qızı, Əhməd Cavadın sevimli həyat yoldaşı Şükriyyədir. Vətənə doğru yola çıxarkən onun bütün həyatı film kadrları kimi gözünün önündə canlanır.
Əhməd Cavadla ilk tanışlıq, ilk söhbət, elçilik... O, atasının razılığı olmadan belə Cavadla dünyanın o biri başına getməyə hazır idi. Yeni qurulan ailə ilə Şükriyyənin həyatının "Cavad dövrü" başlayır.
Bir çox ziyalının başının üstünü alan qara bulud gənc ailədən də yan keçmir. Əhməd Cavadın şeirləri tez-tez iclaslarda müzakirə mövzusuna çevrilir. "Azərbaycan bayrağına", "Azərbaycan", "Çırpınırdı Qara dəniz", "Türk ordusuna", "Göygöl", "Kür", "Pambıq", "Leyla" və s. şeirləri o dövrkü sovet rejiminin siyasətinə zidd idi. Və beləcə, qəfil döyülən qapılardan biri Şükriyyənin qapısı olur. Dindirmələr, əsassız iddialar, cavabsız suallar, cəzalar... Ölümü gözləyənlərin rütubət, üfunət qoxusu verən gözləmə otağı... Uzun işgəncələrdən sonra Əhməd Cavad "vətən xaini" damğası ilə edam cəzasına məhkum edilir. Şükriyyənin azadlığı isə öz əlindədir, o ya "vətən xaini"ndən boşanıb övladları Niyazi, Aydın, Tuqay və Yılmazın yanına qayıtmalı, ya da həm azadlığı və həm də övladları ilə vidalaşmalıdır. Bir oxucu kimi mənə ən çox təsir edən bu hissədə Şükriyyənin əzminə, gücünə, sevgisinə, mərdliyinə heyran qaldım, qürur duydum. Bir ana kimi bağrına daş basıb onsuz da edam ediləcək həyat yoldaşından imtina etməmək... Necə böyük qüvvət, fədakarlıq, qeyrət, sədaqət... Çünki Şükriyyə bilirdi ki, onun boşanma ərizəsinə qol çəkməsi Cavad üçün ölümdən daha ağır olacaq.
"Bəlkə də, bunu imzalayandan sonra məni kameraya basıb, boşanma kağızını Cavada göstərəcəksiniz. Bu da onu mənim əlimlə öldürmək olacaq. İstəyirsiniz məni öldürün, bu kağızı imzalamayacağam".
Beləliklə, qəhrəmanımızın ən ağır illəri başlayır. Əlləri qələm tutmağa öyrənmiş ziyalı qadınlar Akmol çölünün sərt qışında, ilan mələyən yayında ən ağır işlərdə işlədilir. Aclıq, baxımsızlıq, işgəncə, təcavüz... "Bu nazilmiş barmaqdan o qədər qan sormuşdu ki... Bilirdi ki, o an həlledicidir. Cəmi bircə dəfə sərhəddi keçsə, bunu hər gün edəcək. Şərəfini, ləyaqətini, namusunu, arını mədəsinə qurban verəcək". Şükriyyə öz namusunu məhz bu cür qorumuşdu, aclıq zamanı barmağından qan soraraq. İlahi... Qadın həyatından bəhs edən kitablardan bir çox tükürpərdici hadisə oxumuşam. Ancaq bu, başqa idi. Həm yaşananların real həyatda həqiqətən baş verməsi, həm də bu acıları çəkənin bir azərbaycanlı xanımı olması insana daha çox toxunur.
Yol boyu Şükriyyə keçmişini, övladlarını, xoş anlarını düşünür. O anları ki, illərdir qucaqlayıb istisinə qızınmışdır.
Bəs Şükriyyəni vətənində nə gözləyir? Kim bilir, oğulları necə böyümüşdü? Körpə yaşlardan uzaq qaldığı Yılmaz onu ana kimi qəbul edəcəkdimi? Əziz oxucu, bütün bu suallara kitabı oxumaqla cavab tapacaqsınız.
Əsərdə Əhməd Cavadın xeyriyyə cəmiyyətində işlədiyi, şeirlərinin yenicə şöhrət qazandığı Şükriyyədən əvvəlki dövrləri də təsvir edilir. Biz onun haqqında həm sevilən şair kimi, həm də xalqının namusunu çəkən, siyasi mövqeyi olan, Cümhuriyyət üçün özünü sipər edən vətəndaş, ziyalı kimi oxuyuruq.
Əsər boyu Şükriyyə xanıma olan hörmətimiz birə-on artır. Onun sevgisi, dönməzliyi, möhkəmliyi bizi heyrətləndirir. İllər keçsə də o, sevimli həyat yoldaşının yoxluğunu qəbul etmir və oxucunu da onun ölməzliyinə inandırır. "Cavadın indi harada olmağından asılı olmayaraq, bizi gördüyünə, əlinin həmişə kürəyimizdə olmasına o qədər inanırdım ki, daha kim məni onun ölümünə inandıra bilərdi, ya da kim deyə bilərdi ki, ölüm - bir sondur?!"
Kitabı oxuyarkən çox böyük zövq aldığımı vurğulamaq istəyirəm. Ülviyyə Tahir bir tarixçi kimi hadisələri tarixi baxımdan işləmiş, araşdırmış, bir filoloq kimi ona bədii don geyindirmişdir.
1937-1938-ci il repressiyası tariximizin, ədəbiyyatımızın ən acı səhifələrindəndir. Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Bəkir Çobanzadə, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Vəli Xuluflu, Hənəfi Zeynallı və s. kimi vətənimizin say-seçmə şəxsiyyətlərinə, qələm sahiblərinə qarşı törədilən bu cinayət illər keçsə də, unudulmur, onun qurbanları yad edilir.
May ayının 5-i Azərbaycanın ölməz şairi, himnimizin sözlərinin müəllifi Əhməd Cavadın 130 illik yubileyi keçirildi. Biz də ölməz şairimizi və bütün repressiya qurbanlarını hörmətlə anırıq.
Tükəzban Məmmədli,
Fraza jurnalı