Xəbər verdiyimiz kimi, bu ilin oktyabr ayında Azərbaycanın aparıcı banklarından biri olan “Paşa Bank” ASC tanınmış işədüzəltmə şirkətlərindən biri olan “Fesco Group” MMC-yə (VÖEN – 1304350061) və şirkətin rəhbəri (qanuni təmsilçi) Əfəndiyeva Vüsalə Ədalət qızına qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, “Paşa Bank”ın “Fesco Group”a qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı Bakı Kommersiya Məhkəməsində hakim Nərmin Əhmədovanın sədrliyi ilə artıq 3 iclas (Hazırlıq iclası) keçirilib. Oktyabrın 25-i, noyabrın 17-si və dekabrın 1-də baş tutan iclaslardan sonra növbəti hazırlıq iclası gələn il yanvar ayının 12-nə təyin olunub.
Bildirək ki, “Paşa Bank” məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.
Məlumat üçün bildirək ki, “Fesco Group” MMC 07.01.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 57/24, m. 47-də yerləşir.
Qeyd edək ki, hazırda “Fesco Group” MMC-nin dövlət büdcəsinə böyük miqdarda – 651 min 444 86 qəpik vergi borcu da var.
Onu da bildirək ki, təxminən 2 ay əvvəl Yeniavaz.com-a açıqlma verən “Fesco Group” MMC-nin sahibi və barəsində iddia qaldırılan qanuni təmsilçi Vüsalə Əfəndiyevanın həyat yoldaşı İlyas Əfəndiyev bildirmişdi ki, “Paşa Bank”la aralarında yaranan kredit mübahisəsini həll ediblər.
Amma, məhkəmə prosesinin davam etməsi onu göstərir ki, mübahisə hələ də davam edir.
A. Cəfərov