Şəhid anası: “Oğlumu yaşatmaq üçün onun paltarını geyinirəm” - Video


44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olan “Murov qartalı” ləqəbli polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlunun anası onun adını yaşatmaq üçün şəhid tədbirlərində, anım mərasimlərindəki tədbirlərə oğlunun hərbi formasını geyinərək qatılır.
Yeniavaz.com
xəbər verir ki, o, bunu oğlunun adını yaşatmaq üçün etdiyini deyir.
Şəhid anası Ulduzə Əliyeva şəhid Təbrizin anım gününə də oğlunun hərbi formasında gəlib.
O deyir ki, 44 günlük Vətən müharibəsində iki oğlu döyüşüb. Atəm şəhid olub, digər oğlu isə yaralansa da, hərbi vəzifəsini davam etdirir. O, qardaşının qisasını almamış geri dönməyəcəyini bildirib. Şəhid anası övladlarını tək, atasız böyütdüyünü deyir.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Atəm Əliyev 1982-ci ildə Ağdaşın Abad kəndində anadan olub. 1996-2000-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşan Atəm Əliyev oktyabrın 2-də şəhid olub. Uzun müddətli axtarışdan sonra onun nəşi tapılaraq 2021-ci il yanvarın 25-də doğulduğu Ağdaş rayonunun Abad kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid polkovnik-leytenant Atəm Vaqif oğlu Əliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”  və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid haqqında yazılan “Murov qartalı” adlı kitab da yerli yazar Pərvanə Mehmanqızı tərəfindən qələmə alınıb və ictimaiyyətə təqdim olunub.
Atəm Əliyevin bir oğlu və bir qızı yadigar qalıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top