Son günlər mətbuatda barəsində müxtəlif informasiyalar yayılan azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus olan Teymur Əhmədov adına “Aznar” QSC-yə qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, “Aznar” QSC-yə qarşı qaldırılan məhkəmə iddiasına 19.12.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq. Məhkəmə iddiası alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırılıb.
Məlumat üçün bildirək ki, Teymur Əhmədov adına “Aznar” QSC isə 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 149 milyon 987 min 312 manat olan QSC-nin qanuni təmsilçisi isə Teymur Fərəc oğlu Əhmədovdur.
Xəbəri rus dilində oxuyun: На компанию Фархада Ахмедова подали в суд
Onu da bildirək ki, “Forbes” nəşrinə görə hazırda 1,7 milyard dollar sərvəti olan Fərhad Əhmadov 15 sentyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlığı atasının işlədiyi Göyçay şəhərində keçib. Fərhad Əhmədovun atası – Teymur Fərəc oğlu Əhmədov uzun illər ərzində rəhbər vəzifələrdə işləyib. Son vəzifəsi tikintisinə rəhbərlik etdiyi Göyçay Konserv zavodunun direktorluğu olub. 1969-cu ildə zavodun ilk direktoru olub. Teymur Əhmədov 1971-ci ildə sosialist əmlakının talanması ittihamı ilə həbs olunub və ən yüksək cəza tədbirinə – güllələnməyə məhkum edilib. Hökm 1973-cü ildə icra olunub.
Onu da qeyd edək ki, Vətən Müharibəsindən sonra minaya düşərək şəhid olan polkovnik, korpus komandirinin müavini Babək Səmidlinin səs yazısını yaydığı üçün Fərhad Əhmədovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dindirildiyi bildirilir.
A. Cəfərov