Ölkənin aparıcı şirkətlərindən olan “Gəmiqaya Holdinq”ə bağlı 2 şirkət - Gəmiqaya Holdinq Şirkətlər İttifaqının "Gəmiqaya Şirkəti" MMC (VÖEN – 0200094231) və Gəmiqaya Yol Su-Enerji MMC (VÖEN – 0200428931) nizamnamə kapitalını azaldır.
Yeniavaz.com xəbər verir ki, hazırda Gəmiqaya Holdinq Şirkətlər İttifaqının "Gəmiqaya Şirkəti" MMC-nin nizamnamə kapitalı 19 milyon, Gəmiqaya Yol Su-Enerji MMC-nin nizamnamə kapitalı isə 5 milyon manat təşkil edir.
Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi həyata keçirilib. Bu ayın əvvəlində "Gəmiqaya Holdinq" Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC-nin (VÖEN – 0200631761) nizamnamə kapitalı 400 manatdan 200 manata düşürülüb. Sentyabr ayında isə “Gəmiqaya Satış Mərkəzi” MMC (VÖEN – 0201208491) nizamnamə kapitalını 100 manatdan 40 manata endirib.
Qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuatda bu şirkətlərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ailə üzvlərtinə məxsus olması barədə məlumatlar yayılır və bu günə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü "Gəmiqaya Holdinq"in rəhbəri kimi qeyd edib.
Onu da bildirək ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətində Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
A. Cəfərov