AZAL-ın tenderini Baba Rzayevin ailə üzvlərinə bağlı şirkət uddu


“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
-un məlumatına görə, tender müsabiqəsinin qalibi "Electro Construction" QSC (VÖEN – 1403828771) olub. Müsabiqənin şərtinə görə "Electro Construction" QSC AZAL-a Heydər Əliyev Beynəlxalq Aeroportunun perron ərazisindəki işıq dirəklərini qidalandıran paylayıcı şkafların döşəməüstü panellərini satacaq və qarşılığında 49 min 311 manat 2 qəpik alacaq.
Nizamnamə kapitalı 2000 manat olan "Electro Construction" QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-də yerləşir. Şirkətin qanuni təmsilçisi İslamov Mustafakamal Məhiyəddin oğludur.
Məlumat üçün bildirək ki, "Electro Construction" QSC-nin qeydiyyatda olduğu ünvanda çoxsaylı şirkətlər qeydiyyata alınıb. Bu şirkətlər “Azərişıq” ASC-nin keçmiş rəhbəri, hazırda “Azərenerji” ASC-nin prezidenti olan Baba Rzayev ilə qohumluq əlaqələri olan şəxslərə məxsusdur.
Xəbəri rus dilində oxuyun: Тендер AZAL выиграла компания, связанная с членами семьи Баба Рзаева

Məsələn, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-də qeydiyyatda olan “Zirə Aqropark” MMC-nin (VÖEN – 1503134451) bir il əvvələ qədər qanuni təmsilçisi Soltanov Ayaz Üzeyir oğlu olub. Bu şəxs eyni zamanda “FF Construston” MMC-nin (VÖEN – 1500616851) qanuni təmsilçisidir. “FF Construston” MMC-nin hüquqi ünvanı isə Baba Rzayevin kürəkəni Fərid Fərhadzadənin qeydiyyatda olduğu – Fətəli xan Xoyski pr., ev 134, m. 28-də yerləşir.
Bundan başqa Ziya Bünyadov, ev 2071-də “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də qeydiyyatdadır. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə - “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741 ) Baba Rzayevin qardaşı Emin Rzayev rəhbərlik edir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top