Özünü zühur etmiş “12-ci imam” kimi təqdim edərək 15 ildən çox müddətdə müxtəlif adamları aldatmaqda, onların külli miqdarda pulunu zəkat, yardım adıyla mənimsəməkdə ittiham olunan Aqil Babayevin işi üzrə zərərçəkmişlərdən biri də Mehman Baxşızadədir.
Yeniavaz.com Meydan TV-yə istinadən xəbər verir ki, illərlə “İmam Mehdi”yə hər ay pul verdiyini iddia edən Mehman Baxşızadənin özü də pul məsələsinə görə məhkəməyə verilib.
Keçmiş həyat yoldaşı iddia edir ki, Mehman Baxşızadə birgə nikahdan dünyaya gəlmiş qızına aliment ödəmir.
Mehman Baxşızadə ifadəsində deyib ki, Aqil Babayevi “İmam Mehdi” kimi qəbul edib, ona bu illər ərzində təxminən 10 min manat pul verib.
Bundan başqa, onun evlərinin təmir-tikintisində iştirak edib. Hər dəfə “İmam Mehdi” ona zəhmət haqqı kimi 10 min manat verəcəyini vəd etsə də, sözünə əməl etməyib.
O deyir ki, “İmam Mehdi” haqda söhbətlərinə görə evdə həyat yoldaşı ona gülürmüş. O da gedib bunu Aqil Babayevə danışıb.
Aqil Babayev isə onun həyat yoldaşını “şeytan” adlandırıb, ondan ayrılmağı tövsiyə edib.
O da Aqil Babayevin sözü ilə birgə nikahdan iki qızları olan həyat yoldaşından boşanıb.
Mehman Baxşızadə iddia edir ki, bir müddət sonra o, “İmam Mehdi”nin tövsiyə etdiyi qadınla ailə qurub, toy məclisi qurub, kəbinlərini də Aqil Babayev kəsib.
Bu nikahdan da bir qızı dünyaya gəlib. Amma bir müddət keçəndən sonra həyat yoldaşının “İmam Mehdi” ilə sevgi münasibətlərini əks etdirən məktublar tapıb.
Mehman Baxşızadə bildirib ki, Aqil Babayevə “12-ci imam” kimi çox inandığına görə həmin məktublara şübhə ilə yanaşıb. Buna baxmayaraq, oxuduqlarını həzm edə bilməyib və 2012-ci ildə həyat yoldaşından ayrılıb. Amma Aqil Babayevin özünə bu haqda heç nə deməyib. Əksinə, onunla münasibətləri davam etdirib - ona əvvəlki kimi zəkat verib, beyət edib və s. Bu proses 2021-ci ilin iyuluna - Aqil Babayev həbs olunduğu vaxta qədər davam edib.
Mehman Baxşızadə ikinci həyat yoldaşından ayrılandan bir müddət sonra üçüncü dəfə ailə qurub və hazırda da o qadınla yaşadığını deyir.
Mehman Baxşızadənin keçmiş həyat yoldaşı məhkəmədə aliment tələbilə iddia qaldırıb. Bu məsələyə də Xətai Rayon Məhkəməsində baxılıb.
Keçmiş həyat yoldaşı aylıq 500 manat aliment tələb edib.
O bildirib ki, uzun illər öncə ayrılsalar da, Mehman Baxşızadə övladının xərclərini ödəməyib. Bu üzdən məcbur olub, illər sonra məhkəməyə müraciət edib.
Mehman Baxşızadə isə bildirib ki, bir şirkətdə tikinti üzrə usta işləyir, aylıq maaşı 300 manatdır, başqa uşaqları da var və bunun nəzərə alınmasını istəyir.
Məhkəmə onun üzərinə aylıq 193 manat aliment ödəmək öhdəliyi qoyub.