“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (Təkliflər sorğusu) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, 283 min 200 manat dəyərində olan tender müsabiqəsinin qalibi “Qarabağ Yükdaşıma Xidməti” MMC (VÖEN – 1505026211) olub.
Müsabiqənin şərtlərinə görə, qalib şirkət “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə “Damar cərrahiyyəsində istifadə olunan ləvazimat və sərfiyyat malları” satacaq.
Xəbəri rus dilində oxuyun: ОМС закупает медицинские принадлежности у автотранспортной компании? - Загадка...
Məlumat üçün bildərək ki, 283 min manatlıq tenderin qalibi olan “Qarabağ Yükdaşıma Xidməti” MMC 16.04.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Təbriz, ev 54, m 60-da yerləşir. Şirkətin qanuni təmsilçisi Həsənov Şövqi Əvəz oğludur.
Onu da qeyd edək ki, Agentliyə “Damar cərrahiyyəsində istifadə olunan ləvazimat və sərfiyyat malları” satmağa hazırlaşan şirkətin və qanuni təmsilçisi Şövqi Həsənovun adı bu ilin fevral ayında mətbuatda geniş şəkildə gündəmə gəlib. Ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
"Sülhməramlılar dedilər ki, yük yerini aç, ermənilər baxsın" - VİDEO
Maraqlıdır ki, yükdaşıma şirkəti xüsusi peşəkarlıq və təcrübə tələb edən bir sahə (damar cərrahiyyəsi) üzrə elan olunmuş tenderdə necə qalib olub.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Məsələ ilə bağlı adı keçən şirkətdən Yeniavaz.com-a bildirdilər ki, onlar “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə yalnız yükdaşıma xidmətləri göstəriblər. Adının çəkilməsini istəməyən şirkət əməkdaşı bildirdi ki, onda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə “Damar cərrahiyyəsində istifadə olunan ləvazimat və sərfiyyat malları”nın satılması ilə bağlı heç bir məlumat yoxdur.
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin mətbuat xidmətindən isə Yeniavaz.com-a bildirdilər ki, elanların "e-tender.gov.az" saytında yeriləşdirilməsi zamanı mexaniki yanlışlığa yol verilib: "Belə ki, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “Yüklərin (tibbi və qeyri-tibbi malların) şəhər və rayonlara daşınması məqsədilə yükdaşıma, avtokar, kran, evakuasiya və fəhlə xidmətləri” nin satın alınması məqsədilə təkliflər sorğusu metodunu tətbiq edilməklə keçirilmiş satınalma prosedurunun qalibi “Qarabağ Yükdaşıma Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir. Artıq "e-tender.gov.az" saytında yenilənmələr edilib".
A. Cəfərov