ABŞ Mərkəzi Bankı (FED və ya Federal Ehtiyat Sistemi) uçot faiz dərəcəsini 0,75 faiz bəndi artıraraq 3,25%-ə qaldırıb. Dünyanın ən böyük iqtisadiyatına sahib olan ABŞ-in Mərkəzi Bankı tərəfindən belə bir qərarın qəbul olunması dünya və o cümlədən də Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?
Bu suala cavab verməzdən əvvəl qeyd edək ki, uçot faiz dərəcəsi ölkədə inflyasiya (qiymətlər) səviyyəsini nizamlamaq üçün Mərkəzi Banklar tərəfindən istifadə olunan maliyyə alətidir. Uçot dərəcəsinin qaldırılmasında əsas məqsədlərdən biri inflyasiya səviyyəsini aşağı salmaqdan ibarətdir. Mərkəzi Banklar uçot dərəcəsini qaldırmaqla dövriyyədəki pul kütləsini (miqdarını) azaltmağa və bununla da inflyasiyanı cilovlamağa çalışırlar.
Bildiyimiz kimi, Mərkəzi Banklar dövriyyəyə pul buraxan yeganə qurumlardı. Banklar da nağd pula olan ehtiyaclarını Mərkəzi Banklardan təmin edirlər. Mərkəzi Banklar banklara verdiyi pulu geri alan zaman onlardan uçot faiz dərəcəsinə uyğun əlavə vəsait alır. Məsələn, Azərbaycanda mövcud uçot faiz dərəcəsi 7,75%-dir. Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən 100 min manatdan əlavə olaraq 7,75 min manat da ödəməli olacaq. Yəni uçot dərəcəsi artdıqca banklar da Mərkəzi Bankdan pul almaqada maraqlı olmurlar. Bu da dövriyyədəki pul kütləsinin azalmasına səbəb olur və beləliklə inflyasiya səviyyəsinə təsir etməyə çalışırlar.
İndi gələk əsas suala: ABŞ-da uçot dərəcəinin qaldırılması dünya və Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?
Əvvəlcə dünyadan başlayaq: yuxarıdakı izahdan da göründüyü kimi FED-in uçot dərəcəsini qaldırmaqda əsas məqsədi ABŞ-da artan inflyasiya səviyyəsinin qarşısını almaqdır. ABŞ-da inflyasiya son bir ildə 5,4%-dən 8,3%-ə yüksəlib. Ümumiyyətlə bu göstərici 1981-ci ildəki 9,1%-lik inflyasiya səviyyəsindən sonra qeydə alınan ən yüksək göstəricidir. Belə görünür ki, inflyasiya səviyyəsi düşməsə FED uçot dərəcəsini yenidən qaldıracaq. 1981-ci ildə ABŞ-da uçot faiz dərəcəsi 20%-dək qaldırılıb.
Uçot faiz dərəcəsi qaldırıldıqca ABŞ-da nağd dolların kütləsi azalmağa doğru gedəcək. Bu da ən azından dolların digər valyutalar qarşısında bahalanması üçün psixoloji təsir göstərəcək. Məsələn, dünən olduğu kimi bu ilin iyun ayında da FED uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq 2,5%-ə qaldırmışdı. Həmin dövrdən ötən 2-3 ay ərzində ABŞ dolları avro qarşısında təxminən 8%-ə yaxın bahalanıb. Ehtimal olunur ki, dolların dəyəri yaxın zamanlarda digər valyutalar qarşısında bir qədər də möhkəmlənəcək.
Xəbəri rus dilində oxuyun: