"Xırdalan və Masazır dairələri daha da pis duruma düşəcək"


"Bakı-Sumqayıt yolundan Xırdalan şəhərinin şimal-şərq tərəfinə girişi təmin edən məşhur “VAZ dairəsi”ndə hərkət sxemində edilmiş dəyişikliyi uğursuz hesab edirəm".
Yeniavaz.com
xəbər verir ki, yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bunu sosial şəbəkədəki paylaşımında qeyd edib.
Ekspert sözügedən dəyişiklik barədə bunları deyib:
"Bir neçə gün əvvəl edilən dəyişiklikdən sonra oradakı körpünün üstünə qalxaraq sola – Xırdalana dönmək ləğv edilib. İndi Xırdalana oradan getmək istəyənlər körpüyə çatmamış sağa çıxmalı, Saray qəsəbəsinə doğru xeyli məsafə (bunun 2-3 km olduğunu deyirlər) getməli, geriyə dönməli və Xırdalana doğru qayıtmalıdırlar. Beləliklə həmin istiqamətdən Xırdalana daxil olmaq, Bakı Mühəndislik Universitetinə getmək istəyənlərin, o cümlədən həmin istiqamətdə hərəkət edən marşrut avtobuslarının yürüş məsafəsi 4-6 km artmışdır.
Problem təkcə bu deyil. Bilirsiniz ki, hazırda 200 mindən çox insanın yaşadığı Xırdalan şəhərinə Bakı-Sumqayıt yolundan cəmi 3 giriş-çıxış var. Onlardan birində hərəkətin belə əlverişsiz vəziyyətə gətirilməsi həmin giriş-çıxışın bütün yükünü digər ikisinin – Xırdalan dairəsindən və Masazır dairəsindən giriş-çıxışın üstünə atacaq. Nəticədə, onsuz da hərəkət şəraiti bərbad olan, pik saatlarda həmişə tıxanan Xırdalan və Masazır dairələri daha da pis duruma düşəcək. Bu da öz təsirini Bakı-Sumqayıt yoluna göstərəcək (artıq bir neçə gündür ki, göstərməkdədir). Üstəlik Xırdalanın şimal tərəfinə getmək istəyənlər Xırdalan və Masazır dairələrindən daxil olsalar, Xırdalanın daxili küçələrini başa qədər getməli olacaqlar. Bu da onsuz da hərəkət etmək çətin olan Xırdalan küçələrini daha da keçilməz edəcək.
Həm də sadə bir məqamı nəzərə almalıyıq ki, nəqliyyat axınının (xüsusən avtobus marşrutunun) yürüş məsafəsinin belə ciddi artması insanların əlavə vaxt itkisi, əlavə yanacaq xərci deməkdir. Belə dəyişiklikdən sonra Saray tərəfdəki geriyə dönmə yeri də əlavə yüklənəcək, orada sıxlıq və qəza şəraiti yaranacaq (həmin yerdə faktiki sürət daha yüksəkdir).
Belə dəyişiklik Bakıdan Saray və Novxanı istiqamətlərinə gedənlər və o istiqamətlərdən gələnlər üçün əlverişlidir. Amma sadaladığım arqumentlər və ümumi maraq nəzərə alınanda edilmiş dəyişiklik səmərəsizdir və yeni problemlər yaradacaq.
Ona görə də səlahiyyətli qurumlardan (DYP və AAYDA-dan) xahiş edirəm ki, orada hərəkət sxemini əvvəlki vəziyyətə gətirsinlər, pik saatlarında yaranan çətinliklərin həlli üçün başqa, daha səmərəli üsul tətbiq etsinlər".

DİGƏR XƏBƏRLƏR

Top