"Səs yazısındakı "məsələlər" təsdiqlənsə belə, verilən ittiham üzrə cinayət tərkibi yoxdur"


“Hətta səs yazısındakı "məsələlər" faktiki olaraq təsdiqini tapsa belə, verilən ittiham üzrə cinayət tərkibi yoxdur”.
Yeniavaz.com
xəbər verir ki, bunu hüquqşünas Səməd Rəhimli jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun həbs olunmasına hüquqi cəhətdən münasibət bildirərkən yazıb.
O bildirib ki, jurnalistin (redaktor) "pul qarşılığında" kimisə tərifləməsi/PR-nı aparması Cinayət Məcəlləsinə görə rüşvətalma üçün hər hansı əsas yaratmır:
“Çünki jurnalistin (redaktor) lehinə/əleyhinə xəbər hazırlaması digər şəxslər üçün hüquqi nəticələr yaradan, yəni hüquq münasibəti yaradan/dəyişdirən/xitam edən fəaliyyət deyil və buna görə də jurnalist (redaktor) ad hoc (bu halda) "vəzifəli şəxs" deyil. CM maddə 311 çərçivəsində hüquqi məsuliyyət yaranması üçün cinayət subyektinin vəzifəli şəxs olması tələb edilir. Ona görə cinayət tərkibi yoxdur. Əgər jurnalistə münasibətdə tərkib yoxdursa, vəkilə münasibətdə də tərkib yaranmır.
İkincisi, hətta istintaqın əlində "digər sübutlar" olsa belə, bu sübutların qanuniliyi (prosessual qanunvericiliyə uyğun əldə edilməsi) indidən mübahisəlidir (bax, Eynulla Fətullayev tərəfindən yayılma faktoru). Həmin sübutlardan istifadə özlüyündə ədalət mühakiməsi hüququnun pozuntusu olacaq.
Üçüncüsü, insan hüquqları hüquqşünaslığı ilə məşğul olan vəkilin vəkil peşəsinin bir aspekti kimi insan hüquqlarına aidiyyəti olmayan cinayət işlərinə, o cümlədən korrupsiyada ittiham olunan şəxslərin işinə çıxmasında hər hansı problem yoxdur. Əgər elə olsa onda istənilən vəkili niyə filankəsin işinə çıxıbsan deyə damğalamaq olar. Bundan əlavə, Bangkok prinsiplərinə (1990) əsasən (18-ci bənd) vəkil müvəkkilin işiylə assosasiya edilə bilməz.
Dördüncüsü, bu işdə vəkilə aid ofisdə və mənzildə axtarış aparılıb. Həmin axtarış indidən prosessual pozuntularla müşayiət edilib. AİHM standartlarına görə vəkil ofisi yoxlaması daha ciddi yoxlama standartlarına tabedir. Bu standartlar bu işdə “prima facie” (ilk baxışdan) pozulub. Bu hal özü belə vəkillərin vəkillik peşəsinə dair dövlətin (HMO-nun) bu cür yanaşmasına (vəkil ofisinin rahat yoxlanılması) etiraz etməsi üçün yetərlidir”.
Qeyd edək ki, bir neçə gün öncə Əvəz Zeynallının vəkil Elçin Sadıqov vasitəsilə həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığı iddia edilib və bununla bağlı səs yazısı yayılıb. Həm Əvəz Zeynallı, həm də iş adamının vəkili olan Elçin Sadıqov iddiaları təkzib etmiş, sözügedən səsyazısında haqqında danışılanların Rasim Məmmədovun işi ilə bağlı əhəmiyyətli sənədlər olduğu bildirilmişdi.
Baş Prokurorluq əməkdaşları ötən gün - sentyabrın Əvəz Zeynallı ilə Elçin Sadıqovun evində və ofisində axtarış aparıb, bir sıra sənədlər götürülüb. Daha sonra hər iki şəxs barəsində cinayət işi başlandığı elan olunub.
Baş Prokurorluq tərəfindən onların barəsində verilmiş təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb. Gecə keçirilən məhkəmə prosesində hakim Fərid Əmirəliyev Ə.Zeynallı və E.Sadıqov barəsində 4 ay həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar verib.

DİGƏR XƏBƏRLƏR

Top