Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verildi


İşğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımı şəbəkəsinin yenidən qurulması işləri çərçivəsində Laçın rayonunda yerləşən Laçın Radio-Televiziya Yayımı Stansiyası (RTYS) bu gün istismara verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) Yeniavaz.com-a verilən məlumata görə, atansiyanın işinin müvəqqəti bərpası məqsədilə mövcud 20 metrlik qüllədən və texniki binadan istifadə edilib.
Nəticədə rəqəmsal paketdə 8 TV proqramının (AzTV, Mədəniyyət TV, İdman Azərbaycan TV, İctimai TV, Azad Azərbaycan TV, Xəzər TV, CBC, Real TV), Azərbaycan Radiosunun, İctimai Radionun Laçın rayonunda, həmçinin Şuşa və Qubadlı rayonlarının Laçın istiqamətində olan kəndlərində yayımı təmin olunub.
Stansiyanın infrastruktur və yayım imkanlarının artırılması istiqamətində gələcəkdə müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə buna qədər Şuşa, Kəlbəcər, Mincivan (Zəngilan) və Xanlıq (Qubadlı) RTYS-lərin fəaliyyəti müvəqqəti bərpa olunub. Hazırda Şuşa RTYS-dən 10 televiziya, 7 radioproqramın, Kəlbəcər, Mincivan, Xanlıq və Laçın RTYS-lərin hər birindən 8 televiziya və 2 radioproqramın yayımı həyata keçirilir.

Qeyd olunan stansiyalar vasitəsilə hazırda Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam və digər yaxın ətraf ərazilərdə radio-televiziya yayımları təmin edilir.

DİGƏR XƏBƏRLƏR

Top