Azərbaycanda siyasi partiyanın ləğvi üçün yeni qayda müəyyənləşir


Azərbaycanda siyasi partiyaların təsis edilməsinə və fəaliyyətinə yol verilməyəcəyi hallar müəyyənləşir.
Yeniavaz.com
 xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Siyasi partiyaların aşağıdakı məqsədlə təsis edilməsinə və fəaliyyətinə yol verilmir:

- Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi;
- terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği;
- irqi, dini və ya etnik düşmənçiliyin salınması.

Eyni zamanda layihəyə görə, Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti qadağandır.
Siyasi partiyaların fəaliyyəti onların üzvlərinin Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələ bilməz.

DİGƏR XƏBƏRLƏR

Top