"Dedi ki, parkinqə görə YPX-lərə pul verirəm, bu yer mənimdir"


“Bir görüşə gedirdim. Yol kənarında park etdiyim avtomobilə yaxınlaşanda taksi sürücüsü “çıxırsınız?” soruşdu. Mən də çıxacağımı dedim. Dedi ki, bu yer mənimdir, bayaqdan gözləyirəm, çıxasınız. Zarafatla "özəlləşdirmisiniz, deyəsən" deyəndə, ciddi-ciddi "bu yerə görə YPX-lərə pul verirəm, siz istəsəniz, qarşı tərəfdəki parkinqdə saxlayın" dedi. Qarşı tərəfdə parkinqə baxan şəxs isə rayon polis rəisinin ondan aylıq ödəniş aldığını deyir”.
Yeniavaz.com
xəbər verir ki, bunu ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
“Daxili İşlər Nazirliyinə (DİN) bu barədə məlumat vermişdim, araşdıracaqlarını bildirmişdilər. Onlar araşdırsaydılar, bilərdik, hansı əraziləri hansı rəislər kurasiya edir, YPX-dan küçə kənarında yer bron eləməyin aylıq qiyməti nə qədərdir? İmkan olsa, 2-3 dənə yer, 2-3 işçi götürüb, biz də işlədərdik, rəisin də aylıq ödənişini edərdik vaxtında”, - paylaşımda bildirilib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-a açıqlama verib:
"Bununla bağlı araşdırma aparılır. İndiyə qədər polis əməkdaşları ilə bağlı hansısa qanunsuz parkinq fəaliyyəti ilə məşğul olan şəxslərin iddiaları təsdiqini tapmayıb".
Xatırladaq ki, B.Hacıyev daha əvvəl də “parkovşik”lərin parklanma zamanı sürücülərdən pul yığması barədə paylaşım edib.

DİGƏR XƏBƏRLƏR

Top