Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) avqust ayının 30-da keçirəcəyi hərraca ümumilikdə 12 dövlət əmlakı çıxarılacaq.
Yeniavaz.com xəbər verir ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə və Lənkəran şəhərlərində, həmçinin Neftçala, Şəmkir, Goranboy, İsmayıllı, Qəbələ və Balakən rayonlarında yerləşir.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən bahalısı Balakən rayonunda yerləşən və SOCAR-a məxsus olan “Qubek otel” istirahət zonasıdır. 9,1 milyon manata təklif olunan 4 ulduzlu otelin torpaq sahəsi 13 400 kv. metrdir. Məlumat üçün bildirək ki, SOCAR daha əvvəl “Qubek otel”i dəfələrlə satışa çıxarıb. Hətta 2018-ci ildə otelə 18,2 milyon manat qiymət qoyulub. Alıcı tapılmadığı üçün otelin qiyməti 2 dəfə aşağı salınıb.
Onu da qeyd edək ki, uzun müddətdir satılmayan dövlət müəssisələrindən biri də Şəmkir rayonunun Keçili kəndində yerləşəb "Çinar" soyuducular zavodunun Şəmkir filialıdır. 30 avqust tarixində keçiriləcək hərraca 150 min manat ilkin satış qiymətilə çıxarılan zavodun fililalı daha əvvəl 225 min manata hərraca çıxarılsa da satılmayıb.
A. Cəfərov