"Həmin məlumatlar Tofiq Şahmuradova verilib, o da paylaşıb"


Bloger Tofiq Şahmuradov barəsində seçilmiş inzibati həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

Yeniavaz.com Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Nizami Rayon Məhkəməsinin 27 iyul tarixli qərarından verilmiş şikayətlə bağlı iclas keçirilib.

Məhkəmə iclasında T. Şahmuradovun müdafiəçisi onun barəsində qərar verilərkən yüngülləşdirici halların nəzərə alınmadığını bildirib: “26 iyul 2022-ci il tarixdə hüquqlarını müdafiə etdiyim şəxs özünün feysbuk səhifəsində “Quru qoşunları komandanı general Əfəndiyev minaya düşüb” başlıqlı məlumat yerləşdirib və təxminən 5 dəqiqə sonra həmin məlumatı sosial şəbəkədən silib. Ümumiyyətlə feysbuk sosial şəbəkəsində məlumatı yaymağın qadağan olunmasını düzgün hesab etmirik. Jurnalistin işi informasiyanı tapmaq və yaymaqdan ibarətdir. Tofiq Şahmuradov hərbi bloqer kimi tanınır və hamı onun hərbi bloqer olduğunu bilir. Feysbukda özünün sahibi olduğu səhifənin 300 000 nəfər istifadəçisi var. Həmin məlumatlar Tofiq Şahmuradova verilib, o da sosial şəbəkədə paylaşıb. Hərbi qulluqçunun yaralanması hərbi sirr hesab edilmir. Həmçinin məhkəmə qəbul etmiş olduğu qərarında Tofiqin məsuliyyətini yüngülləşdirən halları nəzərə almayıb”.

Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, T. Şahmuradovun şikayəti təmin olunmayıb.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında protocol tərtib edilib  və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

DİGƏR XƏBƏRLƏR

Top