Nefftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, RPŞ-nə Kür çayının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan rayonun Xıllı kənd sakini Ceyhun Həmzəyev çətənə bitkilərinə qulluq edən zaman “iş başında” saxlanılıb. Həmin əraziyə keçirilən baxış zamanı 42 kiloqram marixuana və yaş çəkisi 331 kiloqram olan 110 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Əvvəllər də narkotiklərə görə həbs olunan həmin şəxs izahatında narkotiklərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Aşkar olunan faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.