Bu gün dünyasını dəyişən əsgərlərə şəhid statusu veriləcək


Azərbaycan Ordusunun Laçın rayonunda xidməti döyüş tapşırığını yerinə yetirərkən həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğlu və eyni şəraitdə xəsarət alan və hospitalda vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əliyev Tahir Çingiz oğluna şəhid statusu veriləcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Report məlumat yayıb.
Bildirilib ki, qanunvericiliyə əsasən, hər iki əsgər şəhid statusu alacaq.
Məlumata görə, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu Ağstafa rayon Xətai kənd sakinidir. Onun nəşi sabah Ağstafa rayon Yenigün kənd qəbristanlığında torpağa tapşırılacaq.
Bundan əlavə, hadisə nəticəsində həlak olan 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu isə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Xatırladaq ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top