ABŞ və Çin Tayvana görə müharibə edəcək? - Böhran dərinləşir...


Rusiya-Ukrayna müharibəsinin dünyada gərginliyi və qütbləşməni artırdığı bir zamanda Sakit okean regionunda Çin və ABŞ arasında Tayvan səbəbindən yaranan böhran getdikcə artır.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana mümkün səfəri səbəbiylə çox sərt açıqlamalar verən Çin Tayvan boğazında hərbi təlim keçirdiyini açıqlayıb.
Çin Xalq Qurtuluş Ordusunun Tayvan sahillərinə 125 kilometr uzaqlıqdakı Pingtan adaları yaxınlığındakı sularda atış təlimi keçirdiyi bildirilib və gəmilərə bölgəyə getməmələri barədə xəbərdarlıq edilib. Çinin "Tip 054A" idarə olunan raket freqatının iştirak etdiyi təlimdə əsgərlərin mühribəyə hazırlaşdığı bildirilib.
Bu arada ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Ronald Reagan” təyyarədaşıyan gəmisini Cənubi Çin dənizinə istiqamətləndirdiyi açıqlanıb. ABŞ rəsmiləri gəminin göndərilməsinin Pelosinin Asiya səfəri ilə bağlı olub-olmadığınına münasibət bildirməyiblər.
Çinin Xarici İşlər və Müdafiə nazirlikləri Pelosinin Asiyaya mümkün səfəri ilə bağlı sərt açıqlamalar verib.
“Çin ordusu oturub gözləməyəcək, ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyacaq”, - Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bildirib.
Çin Kommunist Partiyasının media orqanlarından biri olan “Global Times” qəzetinin keçmiş baş redaktoru Hu Xijin isə tvitterdəki paylaşımında Çin döyüş təyyarələrinin Pelosinin təyyarəsinə müdaxilə edə biləcəyini bildirib:
“Döyüş təyyarələrimiz bütün güc taktikalarını tətbiq etməlidir. Bunlar hələ də yetərli deyilsə, Pelosinin təyyarəsini vurmalarını məqsədəuyğun hesab edirəm”.
Bundan əlavə, Çin Xalq Azadlıq Ordusunun 80-ci Qrup Ordusunun rəsmi sosial media hesabından edilən paylaşımda “müharibə hazırlığı” ifadəsi işlədilib.

DİGƏR XƏBƏRLƏR

Top