Şəhid övladı xüsusi təyyarə ilə Türkiyəyə müalicəyə göndərildi - Foto


Vətən müharibəsi şəhidi Seymur Ələsgərovun 3 yaşlı övladı Eldar səhhətində yaranan problemlərlə əlaqədar “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Bildirilib ki, Eldar Ələsgərov səhhətində yaranan problemlərlə bağlı Neyrocərrahiyyə İnstitutunda müalicəyə başlayıb. Daha sonra vəziyyətinin ağırlaşdığı bildirilib və ixtisaslaşmış özəl tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı “YAŞAT” Fonduna müraciət daxil olub. Fond tərəfindən dərhal reaksiya verilərək elə həmin gün Eldar “Baku Medical Plaza”ya köçürülüb. İnfeksiyalı meningit diaqnozu ilə 2022-ci ilin mayın 5-də əməliyyat olunub. İyunun 15-dək həmin klinikada stasionar müalicəsi davam edib. Həkimlərin rəyinə əsasən, iyunun 15-dən stasionar müalicə başa çatıb və fizioterapiya ilə bağlı ambulator müalicəsi davam edib.

İyulun 26-sı Eldarın ailə üzvləri tərəfindən vəziyyətinin pisləşməsi ilə bağlı məlumat daxil olub və “YAŞAT” Fondu yenidən məsələni nəzarətə götürüb.

Mütəxəssislər tərəfindən iyulun 28-də verilən rəyə əsasən, şəhidimizin övladının müalicəsinin ölkədə davam etdirilməsinin mümkün olmadığı, vəziyyətinin kritik olduğu bildirilib və müalicənin davamının Türkiyədə aparılması tövsiyə olunub.

Vəziyyətin ciddiyəti nəzərə alınaraq, elə həmin gecə Eldar Ələsgərov onun üçün xüsusi ayrılan ambulans təyyarə ilə “YAŞAT” Fondu tərəfindən Türkiyə Respublikasına göndərilib. Müalicə prosesi Eldar tam sağlamlığına qovuşanadək Fondun nəzarəti altında həyata keçiriləcək və yaranacaq bütün xərclər bundan sonra da Fond tərəfindən qarşılanacaq.
 


DİGƏR XƏBƏRLƏR

Top