Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb. III təsnifat mərhələsində Ağdam təmsilçisinin rəqibi Macarıstanın “Ferençvaroş” klubu olacaq.
Yeniavaz.com xəbər verir ki, “Ferentsvaroş” klubunun hazırkı prezidenti əslən Azərbaycandan olan Qabor Qubadovdur.
Məlumat üçün bildirək ki, Qabor Qubadovun atası azərbaycanlı, anası isə milliyətcə macardır.
Əslən Azərbaycanın Naxçıvan bölgəsindən olan ailə təxminən bir əsr əvvəl Macarıstana köçüb. 17 fevral 1966-cı ildə anadan olan Qabor Qubadov Macarıstan parlamentinə hakim “Fides” partiyasından 2006 və 2010-cu ildə deputat seçilib.
Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirib. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olub. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışıb. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçüb. 2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda “Fides” partiyasının sədri vəzifəsində çalışır.
Qubadov 2008-ci ildə keçirilən referendumda və 2009-cu ildə keçirilən Macar Avropa parlamenti seçimlərində fəal iştirak edib. Emma, Marsel və Oliviya adında 3 övladı var.
Əlavə edək ki, Qabor Qubadovun prezidenti olduğu "Ferentsvaroş" futbol klubu 1899-cu ildə yaranıb və Macarıstanın ən köklü klublarından hesab olunur.
Qeyd edək ki, Ağdamın “Qarabağ” klubunun Macarıstanın “Ferentsvaroş” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək, qarşılaşma saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.