Çingiz Mustafayevin kadrlarındakı döyüşçü niyə 30 ildir veteranlıq ala bilmir? - Video


Birinci Qarabağ müharibəsinin iştirakçısı, Daşaltı əməliyyatı zamanı minaya düşərək yaralanan Hümbətov Vəkil İsmayıl oğlu uzun müddətdir ki, müharibə veteranı statusu ala bilməməyindən şikayətlənir.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, V. Hümbətov onun adı xidmət etdiyi hərbi hissəyə dair arxiv sənədlərdə olmadığına, həmçinin hərbi biletinə müvafiq möhür vurulmadığına görə müharibə veteranı statusu almaq üçün müvafiq qurumlara müraciət edə bilmir.

Vəkil Hümbətov vurğulayıb ki, o, Şuşa şəhərində yerləşən Hərbi Komissarlıq tərəfindən hərbi xidmətə çağırılıb və Milli Qəhrəman Çingiz Mustafayevin müharibə illərində çəkdiyi kadrlarda da yer alıb:
“Mən Şuşa şəhərində yerləşən Hərbi Komissarlıq tərəfindən 1990-cı ilin noyabr ayının 10-da çağırış vərəqəsi ilə hərbi xidmətə çağırıldım. Könüllü olaraq orduya qatılmamışam. Daşaltı əməliyyatı zamanı yanvarın 26-da minaya düşmüşəm. Minaya düşən döyüş yoldaşlarımdan birinə əlil statusu verilib, digər döyüş yoldaşım Əsədov Sovet isə müharibə veteranıdır. Erməni quldurları 1992-ci ilin avqustun 28-də, Goranboy rayonunun Ballıqaya kəndində baş vermiş qətliamda böyük qardaşım Hümbətov Vəzir İsmayıl oğlunu həyat yoldaşı da daxil olmaqla 7 ailə üzvü ilə birgə vəhşiliklə qətlə yetirib sonra yandırmışdılar. Mənim başım onlarla bağlı bu məsələlərə qarışdığından əlilliklə bağlı müraciət edə bilmədim”.

V.Hümbətovun sözlərinə görə, Şuşa şəhəri işğal olunana qədər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib:
“Xüsusi ilə Şuşanın Daşaltı kəndinin müdafiəsi uğrunda, Xocalının Kərkicahan kəndin müdafiəsində fəal iştirak etmişəm. Hətta “ANS Qızıl Fondun”da rəhmətlik Milli Qəhrəman Çingiz Mustafayevin Kərkicahanın müdafiəsi uğrunda gedən döyüşlərin çəkilişi zaman danışaraq, hansı çətinliklər yaşadığımızı bildirmişəm. Kərkicahan döyüşündə rəhmətlik Çingiz Mustafayevi mən manevr edib sağ-salamat çıxartmışam”.

Keçmiş döyüşçü bildirir ki, 2019-cu ildə Müdafiə Nazirliyinin Arxiv İdarəsinə məlumatların təqdim olunması ilə bağlı müraciət edib:
“Mənə bildirilər ki, sizin adınız həmin hərbi hissəyə (816) dair arxiv sənədlərdə yoxdur. Daha sonra Şuşa Hərbi Komissarının müavini Nemət bəyə müraciət etdim. Mənə bu gün-sabah deməklə işlərimizi uzatdı. Daha sonra onun işdən çıxdığını öyrəndim. Bir müddət sonra vəkil vasitəsilə yenidən Şuşa Hərbi Komissarlığına (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa Rayon Bölməsi) müraciət etdim. Lakin bu məsələdə hələ də köməklik göstərən yoxdur”.

Müdafiə Nazirliyindən bildirilib ki, əgər şəxsə dair məlumatlar Müdafiə Nazirliyinin Arxiv İdarəsində yoxdursa, həmçinin onun hərbi biletində qulluq etdiyi hərbi hissənin möhürü yoxdursa, həmin şəxsə kömək oluna bilməz.

Mövzuya münasibət bildirən hüquqşünas Mehman Muradlı qeyd edib ki, "Veteranlar haqqında" Qanundan göründüyü kimi “Müharibə veteranı” adının verilməsi üçün şəxsin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır:
“Həmin Qanunun 7-ci maddəsinin üçüncü abzasına görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycanın ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təyin edilir.

Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir”.

DİGƏR XƏBƏRLƏR

Top