Qazax sakinləri günlərdir rayonda içməli suyun verilişində ciddi kəsilmələrin və fasilələrin olduğunundan şikayətçidirlər.
Yeniavaz.com xəbər verir ki, artıq bir neçə gündür sosial şəbəkələrdə problemlə bağlı paylaşımlar edilir.
Sakinlər bildirirlər ki, su səhər saat 6-da və ancaq 1 saatlıq verilir. Buna səbəb kimi isə Coğazçay su anbarının bağlanması göstərilir.
Bildirilib ki, Coğazçay suyunun yerinə əhaliyə su artezian quyularından gəlir. Əhali isə artezian sularının keyfiyyətindən narazıdır.
Sakinlərin sözlərinə görə, onlar “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (ASC) də bir neçə dəfə müraciət ediblər.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin rəsmisi Anar Cəbrayıllı Yeniavaz.com-a bildirdi ki, problem öz həllini tapıb:
“Artıq “Azərsu” ASC-nin nümayəndə heyəti Qazaxda olub, neçə gündür orada idilər. ASC-nin sədr müavini Teyyub Cabbarov da dünən Qazaxda idi. Bəli, orada su problemi var idi, artıq aradan qaldırılıb. Anbarların doldurulması, şəbəkələrə suyun verilməsi ilə işlər öz həllini tapıb. Müəyyən su qıtlığı, çatışmazlıq var idi, artıq həll olunub. Su İstismarı Şöbəsinin rəisi Məmmədrəsul İlyasov 3 gündür Qazaxa ezam olunub, işlərə o rəhbərlik edir. M. İlyasov deyir ki, bütün hidravlik rejimlər tam tənzimlənib, anbarda, xətlərdə normal təzyiq var, insanlar normal su ilə təmin olunur. Problem artıq köklü şəkildə həll olunub”.