Nazir Zəngəzurla Naxçıvanı birləşdirəcək körpünün yerləşəcəyi yerlə tanış olub


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Ordubadın Kotam kəndi ərazisində Zəngəzurla Naxçıvanı birləşdirən körpünün yerləşəcəyi yer və nəqliyyat infrastrukturu ilə tanış olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. 

Eyni zamanda nazir Culfa şəhərində İranla sərhəddə körpü və sərhəd-keçid məntəqəsinə baş çəkib, məntəqənin potensial imkanları və onun genişləndirilməsi haqda fikir mübadiləsi aparılıb.

Səfər zamanı ulu öndər Heydər Əliyevin abidəsi və adını daşıyan Muzey ziyarət olunub.

Səfər çərçivəsində nazir Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Görüş zamanı ölkəmizdə rabitə, nəqliyyat, rəqəmsal inkişaf və digər məsələlər ətrafında həyata keçirilən işlər haqqında danışılıb. Həmçinin qeyd olunan sahələrdə MR-in aidiyyəti dövlət strukturları ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top