Meksikanın Proqreso De Kastro şəhəri Mingəçevirlə qardaşlaşacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mingəçevir şəhərində səfərdə olan Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini deyib.
Qonağı qarşılayan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər haqqında ətraflı məlumat verib. Şəhərin yaranma tarixindən, əhalisinin sayından, ərazisindən, o cümlədən şəhərdə məskunlaşan məcburi köçkünlərin sayından söhbət açan icra başçısı şəhərdə fəaliyyət göstərən muzeylər, park və xiyabanlar, sənaye parklarından bəhs edib. Daha sonra Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məsələlər haqqında məlumat da səfirə bildirilib. Sonda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qonağa şəhərin rəmzi somvolunu bildirən xatirə hədiyyəsi təqdim edib.
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini səmimi qarşılandığına və xoş sözlərə görə şəhər İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirib. Xeyli müddətdir ki, Azərbaycanda səfirlik fəaliyyəti ilə məşğul olduğunu dilə gətirən hörmətli qonaq ikinci dəfədir ki, Mingəçevir şəhərinə gəldiyini diqqətə çatdırıb. Burada meksikalı rəssamın sərgisinin təşkilinə görə şəhər rəhbərliyindən razılığını bildirib.
İcra Hakimiyyətində şəhər rəhbərliyinin keçirdiyi görüşdə səfir 60 min nəfər əhalinin yaşadığı və turizm şəhəri kimi tanınan Proqreso De Kastronun Mingəçevir ilə ən yaxın vaxtda qardaşlaşmış şəhərlərə çevrilməsi üçün bütün imkanlardan istifadə edəcəyini bildirib.
Günün ikinci yarsında səfir şəhərlə tanış olub. Əvvəlcə H.Əliyev Mərkəzinə, “Dövlət rəmzləri” muzeyinə, Gənclər evinə, “Mingəçevir Tekstil”, “HTECH İnvest” MMC-lərə və Mingəçevir Su anbarı ətrafına baş çəkib.
Səfərlə bağlı təəssüratlarını saytımızla bölüşən qonaq bu günkü səfərdən çox məmun olduğunu bildirdi və qeyd etdi ki, ikinci səfərində Mingəçeviri tanımayıb:
“Şəhər çox dəyişib, həm də fikirləşdim ki, Mingəçevirin dənizinə baş çəkməsəm, onda demək olar ki, heç burda olmamışam”.
Esmira Hidayətova, Mingəçevir