“Qazilərin canlarına qıymalarının real səbəbinin obyektiv araşdırılmasını vacib hesab edirəm. Bilirsiniz ki, 44 günlük müharibə çox ağır şəraitdə aparıldı. Düşmənin mövqeləri bizimkilərlə müqayisədə çox üstün idi”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Musavat.com-a müsahibəsində Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.
“Qarabağın bütün zirvələri, yüksəklikləri onların əlində idi. Üstəlik, biz hücum əməliyyatları həyata keçirirdik. Adətən, hücum edən tərəf daha çox itkilərə məruz qalır. Bizim hərbi-taktikamız isə düşmənin daha çox itkilərlə üzləşməsi ilə nəticələndi. Bununla belə, bu ağır döyüşlərin əsgərlərimizdə yaratdığı əsəb gərginlikləri onlarda hadisələrə daha həssas yanaşma sindromları yaratmış ola bilər. O cür ağır döyüş yolu keçmiş ordu mənsubları üçün mütləq reabilitasiya mərkəzləri yaradılmalı və onlar müharibədən sonrakı həyata adabtasiya olunmalıdırlar. Və bu işdə təkcə dövlət orqanları yox, bizim hər birimiz, sadə vətəndaşlar da fəal iştirak etməlidirlər. Bizim bəzi bədniyyətli insanlarımız isə tamamilə fərqli tuturlar. Əlillərimizin taleyi ilə maraqlanmaq əvəzinə, onların kiçik incikliklərindən, narazılıqlarından dövlətə qarşı istifadə edirlər. Əlillərimiz qəsdən qızışdırılır və hakimiyyət orqanlarına qarşı radikal addımlar atmağa, hətta özlərinə qəsd etməyə təşviq olunurlar. Siz fikir verdinizsə, Sabirabadda özünə qəsd edən müharibə əlilinin son videosunda ətrafına toplanan insanların onu intihara həvəsləndirdikləri açıq şəkildə görünür. İstisna etmirəm ki, əlillərin radikallaşmasında dövlətin bəzi strukturlarında işləyən məmurların da “xidmətləri” az rol oynamır. Onlara göstərilən diqqətsizlik, kobudluq halları da var. Amma bütün bu neqativlikləri dövlətin adına yazmaq ədalətsizlikdir. Dövlət, xüsusilə onun başçısı, Ali Baş Komandanın əlillərə, şəhid ailələrinə göstərdiyi diqqət ortadadır.
Açığı, mən belə hesab edirəm ki, kimlərsə əlillərin psixoloji halından dövlətimizə qarşı qəsdən istifadə edirlər. Və bu zümrənin hamısı eyni mərkəzdən idarə olunur. Bəziləri müxalif düşərgədə, bəziləri isə hakimiyyət orqanlarında oturub təxribat törətməyə çalışırlar. Məqsəd isə Azərbaycanın qazandığı qələbəyə kölgə salmaq, insanlarımızın ordumuza münasibətlərini soyutmaqdır. Sirr deyil ki, Azərbaycan hələ də Vətən uğrunda savaşını tamamlamayıb. Ermənilər 44 günlük müharibədə əldə edilən razılaşmalara əməl etmir. Atəşkəs sazişinin şərtlərini pozur, sülh müqaviləsi bağlamaqdan yayınırlar. Hər an yenidən müharibə başlaya bilər. Azərbaycan ordusu buna hazır olmalıdır. Bunun üçün isə insanlarımız mənəvi-psixoloji cəhətdən döyüşə hazır vəziyyətə gətirilməlidir. Hesab edirəm ki, əlillərimizin ruhdan salınması və intihara sürüklənəcək qədər motivasiya edilməsi qəsdən yürüdülən siyasətdir və nə yazıq ki, bu məsələdə bir sıra müxalif qüvvələrlə yanaşı hakimiyyətdəki 5-ci kolonun nümayəndələri də birgə fəaliyyət göstərirlər. Daha açıq deyəcəyəm; Azərbaycanda 5-ci kolonla bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar. Niyyətləri isə Azərbaycanın 3-cü Qarabağ döyüşlərində məğlubiyyətinə nail olmaqdır. Görünür, Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qazandığı nüfuz və son zamanlar korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə həm müxalifətdəki, həm də iqtidardakı düşmənlərini narahat edir və onları eyni mərkəzdə birləşdirir”, - vitse-spiker qeyd edib.