Xəbər verdiyimiz kimi, 2 gün əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyev vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, Səfər Mehdiyev işdən çıxarılmazdan təxminən 10 gün əvvəl sosial şəbəkə hesabından paylaşdığı məlumatda dövlət büdcəsinə nəzərdə tutulan proqnozdan 463,39 milyon manat artıq vəsait ödədiklərini yazıb.
Məlumat üçün bildirək ki, bu ilin ilk yarısında Dövlət Gömrük Komitəsi büdcəyə 2 milyard 530,8 milyon manat vəsait ödəyib. Eyni dövrdə xarici ticarət dövriyyəsi 24 milyard 836,2 milyon dollar (42 milyard 221,54 milyon manat) olub. Bu isə o deməkdir ki, toplanan gömrük vergi və rüsumlarının məbləği xarici ticarət dövriyyəsinin 6%-nə bərabər olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk yarısında Dövlət Gömrük Komitəsi büdcəyə 2 milyard 38,2 milyon manat vəsait ödəyib. Eyni dövrdə xarici ticarət dövriyyəsi 14 milyard 202,2 milyon dollar (21 milyard 143,7 milyon manat) olub. Bu isə o deməkdir ki, ötən ilin ilk yarısında toplanan gömrük vergi və rüsumlarının məbləği xarici ticarət dövriyyəsinin 9,6%-nə bərabər olub.
Açqılanan rəqəmlərdən də göründüyü kimi, əslində bu ilin ilk yarısında gömrükdən dövlət büdcəsinə ödənilən vəsaitlər Səfər Mehdiyevin dediyi kimi artmayıb, əksinə kəskin şəkildə azalıb. Lakin, Komitə sədri rəqəmləri ötən ilki göstəricilərlə müqayisəli şəkildə təqdim etməyib. Yalnız nəzərdə tutulan proqnozlar üzərindən müqayisə aparıb ki, bu da göründüyü kimi real rəqəmlərdən tamamlilə fərqlidir.
Onu da bildirək ki, Prezident İlham Əliyevin Səfər Mehdiyevi vəzifəsindən azad etməzdən bir gün əvvəl bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirib. Ölkə başçısı həmin müşavirədə xarici ticarət böyük dərəcədə artım olduğunu xüsusi vurğulayıb. Prezident deyib ki, xarici ticarət 70%-dən çox, ixrac isə 2 dəfədən çox artıb. Ölkə başçısı müşavirədə Səfər Mehdiyevin 10 gün əvvəl açıqladığı yarım milyard manatlıq “artım” barədə heç nə deməyib.
A. Cəfərov