Naxçıvan Muxtar Respublikasının yeni Ombudsmanı seçilib.
Yeniavaz.com xəbər verir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən yeddinci sessiyasının gündəliyində “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi” barədə məsələ də yer alıb.
Sessiya zamanı baş tutan səsvermədə Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmiş Günay Rzayeva Ali Məclisin sessiyasında and içib.
Qeyd edək ki, bundan əvvəl G.Rzayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi olub.