MİQ suallarının bəzi iştirakçılara öncədən göndərilməsi iddiaları araşdırılır - Yenilənib

"Sosial media resurslarında riyaziyyat fənni üzrə test imtahanlarına dair səsləndirilən fikirlərlə bağlı Təhsil İnstitutu müvafiq araşdırmalar aparır".
Yeniavaz.com xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib. Onun sözlərinə görə, fənn müəllimləri və ekspertlərin iştirakı ilə aparılan araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək:
"Bəzi fürsətcil insanlar tərəfindən araşdırma nəticələrini gözləmədən “imtahandan qabaq suallar paylaşılıb” iddiaları tamamilə əsassızdır, böhtandır və sübutsuz iftira kimi qiymətləndirilməkdədir.
Bu il imtahanlardan dərhal sonra sualların həllərinin açıqlanmasına başlanılıb. Bu bir daha imtahanların şəffaflığına və ədalətliliyinə olan əminliyimizin göstəricisidir".
 

***20:28
Sosial şəbəkələrdə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında istifadə olunmuş sualların imtahandan öncə bəzi iştirakçılara göndərilməsi ilə iddialar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov feysbuk hesabında yazıb.
“Təhsil Nazirliyinin dünən keçirdiyi Müəllimlərin İşə Qəbulu imtahanında Riyaziyyat fənni üzrə olan imtahanda istifadə olunmuş sualların imtahandan öncə bəzi iştirakçılara müəllif-ekspert tərəfindən göndərilməsi barədə çoxsaylı müraciətlər var. Əgər həqiqətən də bu fakt təsdiqini taparsa, böyük tərbiyəsizlik, səriştəsizlik, bacarıqsızlıq nümunəsi olacaqdır. Həqiqətən də, bir sual belə öncədən göndərilibsə, sizə söz verirəm, bütün təşkilatçıların, o özü özünü yoxlamağa gələn də daxil olmaqla, istefasını təmin edəcəyəm. Kiminsə taleyi ilə oynamaq hüquqları yoxdur”.
Qeyd edək ki, Müəllimlərin işə qəbulu üzrə test mərhələsinin 2-ci günü iyulun 15-də baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top