Vaxtı ilə sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasovun rəhbərlik etdiyi “İnfipro İnc” şirkətinin (VÖEN-2002172991) dövlət büdcəsinə vaxtında ödənilməyən 5 min 308 manat 98 qəpik vergi borcu (13.07.2022-ci il tarixinə) var.
Yeniavaz.com xəbər verir ki, Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini vəzifəsində işləyən Eldar Abbasov 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda “40 Bloomsbury Way, London, WC1A 2SE” ünvanında “İnfipro Limited” adlı şirkət qeydiyyata aldırıb. Bu şirkət 2019-cu ildə ləğv olunub. Lakin maraqlıdı ki, 2011-ci ildə Azərbaycanda qeydiyyata alınan şirkət “İnfipro İnc” şirkətinin ölkəmizdəki nümayəndəliyi kimi qeydə alınıb. Eldar Abbasov Londonda qeydə alınan şirkətin direktoru, onun həyat yoldaşı Dünya Pirverdi isə katib olub. Dünya Pirverdi “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin qızıdır.
Məlumat üçün bildirək ki, Eldar Abbasov və Dünya Pirverdi tərəfindən Londonda daha 3 şirkət qeydiyyatdan keçirilib. Onlardan 3-i fəaliyyətini dayandırıb. “Bittop Limited” və “JDE Capital Ltd” şirkətləri 2018-ci ildə ləğv olunub. Dünya Pirverdinin direktor olduğu “JDE Tradıng Lımıted” şirkəti ləğv olunmasa da 2019-cu ilinin iyun ayından sonra rəsmi qurumlara hesabat təqdim etməyib.
Onu da qeyd edək ki, Eldar Abbasovun “İnfipro İnc” şirkətinə rəhbərlik etdiyi dövürdə (2015-ci il) atasının rəhbərlik etdiyi Rabitə və İnformasiya Texnologiyaları nazirliyinə bağlı olan "Aztelekom" İstehsalat Birliyilə böyük layihələr icra edib.
A. Cəfərov