Abid Qafarov həbs olundu


Abid Qafarov 1 il azadlıqdan məhrum edilib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, “Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri və “Youtube”da fəaliyyət göstərən “KimTV” kanalının aparıcısı A. Qafarov bu gün Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyilə çıxarılan hökmə əsasən, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib.
Qeyd olunur ki, Abid Qafarova qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıran 7 nəfər müharibə veteranından 4-ü sonradan şikayətini geri götürüb. Digərləri isə ərizədə iddia edib ki, Abid Qafarov qaziləri təhqir edib, onları “müti” adlandırıb.
Abid Qafarov isə bu iddianı əsassız sayır. O, həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, çıxışında qaziləri təhqir etməyib, kimsənin adını çəkməyib. Əksinə, müharibə iştirakçılarının hüquqlarının pozulmamasıyla bağlı istəyini dilə gətirib. O hesab edir ki, Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırılır və bu məqsədlə qazilərdən istifadə olunur.
Aparıcının vəkili Elçin Sadıqov bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top