Mingəçevir şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir. Azərbaycan Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamında dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub. Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyəti Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayıb.
Yeniavaz.com xəbər verir ki, könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqlarını göstərirlər.
Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinə təcrübə keçmək üçün növbəti 4 gənc qəbul edilib.
Təcrübə keçəcək gənclərə İH başçısı İlham İsmayılov şəhər İcra Hakimiyyətinə aid olan səlahiyyətlər çərçivəsində fəaliyyətin davam etdirilməsinə çalışdıqlarını bildirib:
“Könüllülük fəaliyyətinin Azərbaycanda artıq səmərəsi görünür. Yəni Könüllülük İnstitutunun yaranması əslində gənclərin gələcək həyata hazırlanması və peşəkar fəaliyyətdə bir vəsilədir”.
İcra başçısı gənclərə onu da bildirib ki, Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, hazırda da bu ideologiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğu vurğulanıb. Qeyd olunub ki, könüllülər gündəlik iş proseslərində aktiv şəkildə iştirak edəcəklər.
Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələnəcklərini və gələcəkdə iş karyerasında əldə etdikləri təcrübədən yararlanacaqlarını bildiriblər.
Sonda icra başçısı gənclərə könüllülük fəaliyyətində uğurlar arzulayıb.
Esmira Hidayətova, Mingəçevir