Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin adına sosial şəbəkələrdə səhifələr açılıb.
Yeniavaz.com xəbər verir ki, “Tik-Tok”da açılmış profildə Mövlam Şıxəliyevə aid foto və videolar, həmçinin sənədlər paylaşılıb.
Bundan başqa Mövlam Şıxəliyevin adına yutubda da kanal açılıb. Burada onunla bağlı informasiyalar olan 3 video yerləşdirilib.
General hazırda həbsdə olduğu üçün sözügedən səhifələrin ona yaxın olan şəxslər tərəfindən açıldığı ehtimal olunur.
Belə ki, profildə Şıxəliyevin heç yerdə olmayan fotoları və sənədləri paylaşılıb.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə iş adamlarından hədə-qorxu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib. Hazırda onun cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.