“Dövlət Sosial Müdafiə Fondu” (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, DSMF-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Kapital Bank” ASC (VÖEN – 9900003611) olub.
“Kapital bank” ASC əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirəcək.
DSMF qeyd olunan xidmətlər üçün “Kapital bank” ASC-yə 8 milyon 932 min 644 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 10.07.2006-cı il tarixidə dövlət qeydiyyatına alınan “Kapital bank” ASC-nin nizamnamə kapitalı 245 milyon 849 min 999 manat 85 qəpik təşkil edir. Bankın direktoru Allahverdiyev Rövşən Şamil oğludur. Rövşən Allahverdiyevin qardaşı Allahverdiyev Elxan Şamil oğlu Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.
“Kapital bank” ASC-nin səhimlərinin 99,87%-i ölknin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir.
A. Cəfərov